Bakının bəzi ərazilərində ötən gecə qısa müddətli dolu yağması sakinlər arasında maraq və müzakirələrə səbəb olub. Yay mövsümünün adətən yüksək temperaturla müşayiət olunmasına baxmayaraq, şəhərin ayrı-ayrı hissələrində lokal xarakter daşıyan dolu hadisəsinin qeydə alınması diqqət çəkib. Belə halların baş verməsi atmosferdə sürətlə inkişaf edən güclü konvektiv proseslər, rütubətli hava kütlələrinin daxil olması və şaquli hava axınlarının formalaşması ilə əlaqədardır. 

Son illər yay aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti, qısamüddətli leysanlar və lokal dolu hadisələrinin sayının artması isə iqlim dəyişikliklərinin bu proseslərə mümkün təsiri ilə bağlı sualları gündəmə gətirir. 

Hadisə ilə bağlı ekoloq Ənvər Əliyev Ekologiya.az-a açıqlamasında bildirib ki, Azərbaycana daxil olan rütubətli hava kütlələri əsasən qərb istiqamətindən, o cümlədən Atlantik okeanı üzərindən gəlir. 


“Bu hava kütlələri ölkə ərazisinə çatdıqdan sonra, xüsusilə yüksək dağlıq ərazilərdə və dağları keçdikdən sonra soyuq hava kütlələri ilə qarşılaşır. Məhz isti və rütubətli hava ilə soyuq hava kütlələrinin qarşılıqlı təsiri nəticəsində dolu yaranır. Yəni dolunun əmələ gəlməsi müxtəlif temperaturlu və rütubətli hava kütlələrinin sirkulyasiyasının nəticəsidir. Onun lokal xarakter daşıması isə tamamilə normal haldır. Çünki Böyük Qafqazın şimal və şimal-şərq hissələrində qısa müddət ərzində soyuq hava axınları müşahidə olunur. Hətta həmin dövrlərdə Azərbaycanın bəzi ərazilərinə qar da yağa bilir. Bu proses soyuq hava kütlələri ilə isti, rütubətli hava kütlələrinin toqquşması və müxtəlif temperaturlu hava axınlarının sirkulyasiyası nəticəsində baş verir. Qısa müddətli olması isə ciddi narahatlıq doğuran hal deyil”.


Ekoloq qeyd edib ki, belə güclü yağıntılar və sel hadisələri respublika ərazisində təxminən 30-40 ildən bir təkrarlanır:

“Yaşlı nəsil bunu yaxşı xatırlayır. Mənim də uzun illər ərzində apardığım müşahidələr bunu təsdiqləyir. Məsələn, 1964-cü ildə hələ uşaq idim. Həmin vaxt çaylar daşmış, hətta bəzi yaşayış məntəqələrində evləri sel aparmışdı. Sonrakı illərdə də oxşar hadisələr müəyyən fasilələrlə yenidən baş verib və gələcəkdə də baş verməsi mümkündür. Bu, təbiətdə mövcud olan dövrülük qanunu ilə bağlıdır. Təbiətdə baş verən bir çox proseslər müəyyən dövrlərlə təkrarlanır və belə hadisələr də həmin qanunauyğunluğun tərkib hissəsidir. Buna görə də bu cür qısamüddətli hava hadisələrinə görə ciddi narahat olmağa ehtiyac yoxdur. İqlim dəyişikliyi məsələsinə gəlincə, qısa müddət ərzində havanın dəyişməsi iqlim dəyişikliyi demək deyil. İqlim dəyişikliyi çox mürəkkəb və uzunmüddətli prosesdir. 

Bu dəyişikliklər yüzilliklər, hətta minilliklər ərzində formalaşır və bir insan ömrü çərçivəsində baş verən qısamüddətli hava dəyişiklikləri ilə izah oluna bilməz”.

Aysel Muxtar