Bakıda və digər şəhərlərdə yeni tikilən yaşayış binalarında, ticarət mərkəzlərində və ictimai obyektlərdə parklanma problemi illərdir sürücülərin əsas narazılıqlarından biri olaraq qalır. Bir çox hallarda binaların sakinləri avtomobillərini küçələrdə saxlamağa məcbur qalır, bu isə həm tıxacları artırır, həm də piyadaların hərəkətinə mane olur. Bu problemin həlli məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşayış və qeyri-yaşayış obyektləri üçün parklanma yerlərinin minimal sayını müəyyən edən yeni kvotaları təsdiqləyib. Yeni qaydalara əsasən, tikilinin təyinatından asılı olaraq hər obyekt üçün minimum parklanma yeri nəzərdə tutulacaq. Bəs bu qərar şəhərlərdə parklanma problemini həll edə biləcəkmi? Yeni tələblər tikinti şirkətləri və mənzil qiymətlərinə necə təsir göstərəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

"Nəhayət ki, bu məsələ artıq konkret qərarla təsbit olunur. Biz bunu çoxdan gözləyirdik. Çünki Bakı şəhərində, faktiki olaraq, şəhərsalma və tikinti qaydaları kobud şəkildə pozulurdu. Dəfələrlə bu haqda çıxışlar etmişdik. Elə sizin media vasitəsilə də bildirmişdik ki, sakinlərin sərbəst hərəkətini və rahatlığını təmin etmək üçün qeyri-yaşayış və kommersiya obyektlərinin sahibləri öz obyektləri üçün ayrıca parklanma yerləri təşkil etməlidirlər. Çünki mövcud vəziyyət sakinlərin öz avtomobillərini yol kənarlarında və digər qeyri-münasib yerlərdə saxlamasına səbəb olurdu. Bu isə, öz növbəsində, həm sıxlığa, həm də yollarda tıxaclara gətirib çıxarırdı.
Bu gün hətta özəl klinikaların belə parklanma yerləri yoxdur. Halbuki, söhbət xəstəxanadan gedirsə, bura xəstələr təcili tibbi yardım maşını, fərdi avtomobil və ya taksi ilə gətirilə bilər. Bu səbəbdən də belə müəssisələrin ərazisində mütləq parklanma yerləri təşkil olunmalıdır.
Hətta elə klinikalar var ki, bu gün də fəaliyyət göstərirlər və özlərinin təcili tibbi yardım avtomobillərini piyadalar üçün nəzərdə tutulmuş səkilərdə saxlayırlar. Yəni, nəinki ziyarətçilər, heç öz avtomobilləri üçün belə parklanma yeri təşkil etməyiblər. Nəticədə isə piyada səkisini zəbt edirlər və piyadalar da risk edərək avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar”.
Ekspert əlavə edib ki, bəzi obyektlərin məhəllələri də zəbt etdiyi də xeyli problem yaradırdı:
“Yaşayış məhəllələrində yerləşən ticarət, biznes mərkəzlərinin və klinikaların ziyarətçiləri öz avtomobillərini sakinlərin həyətlərində saxlayırlar. Ancaq biz Mənzil Məcəlləsindən bilirik ki, çoxmənzilli binaların məhəllələri orada yaşayan sakinlərə məxsusdur. Kənar şəxslərin, hər hansı bir kommersiya obyektinin ziyarətçilərinin və ya əməkdaşlarının bina sakinlərinin icazəsi olmadan avtomobillərini həmin məhəllədə saxlamasına icazə verilmir. Nəhayət ki, bu problemin qəbul edilən yeni qərarla öz həllini tapacağını düşünürəm. Bu, şəhərdəki parklanma problemini qismən də olsa həll edə bilər”.
Ekspert deyib ki, tikinti şirkətlərinə və mənzil qiymətlərinə bunun necə təsir edəcəyini indidən proqnozlaşdırmaq bir qədər çətindir:
“Amma fakt budur ki, bu addım atılmalı idi. Bu günə qədər, demək olar ki, yaşayış və qeyri-yaşayış obyektləri tikən sahibkarlar bu məsələyə ümumiyyətlə əhəmiyyət vermirdilər. Halbuki, belə bir qərar çoxdan mövcud idi. Sadəcə indi konkret olaraq minimum kvota tətbiq olunur və bu qayda qanunla təsbit edilir. Bundan sonra ümid edirəm ki, bu problemlər tədricən öz həllini tapacaq”.