Qobustanda yerləşən palçıq vulkanlarında çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda bir neçə şəxsin vulkanların kraterinə daxil olduğu və palçıq vannası qəbul etdiyi görünür. Bu cür davranış həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi risklər yarada bilər. 

Palçıq vulkanlarının tərkibi hər nə qədər bəzi hallarda müalicəvi xüsusiyyətləri ilə tanınsa da, hər vulkanın palçığı tibbi istifadə üçün uyğun hesab edilmir və nəzarətsiz şəkildə istifadə edilməsi müxtəlif dəri problemlərinə, allergik reaksiyalara və digər fəsadlara səbəb ola bilər. Bundan əlavə, vulkanların kraterinə daxil olmaq qəfil çökmə, qaz çıxışı və digər təbii təhlükələr baxımından da risklidir.  Bu ərazi Ələt qəsəbəsində yerləşən Nəriman Neft ərazisidir. Bəs bu davranış insan sağlamlığı və ətraf mühit üçün hansı təhlükələri yarada bilər?


Bu barədə ekoloq Ənvər Əliyev Ekologiya.az-a açıqlamasında bildirib ki, Azərbaycan palçıq vulkanlarının sayına görə dünyanın aparıcı ölkələrindən biridir:

“Ölkəmizdə müxtəlif tipli palçıq vulkanları mövcuddur. Onların bir qismi sönmüş, bir qismi isə hazırda aktiv fəaliyyət göstərir və ya fəaliyyətini davam etdirir. Palçıq vulkanlarının ən maraqlı xüsusiyyətlərindən biri onların neft-qaz yataqlarının indikatoru, yəni göstəricisi hesab edilməsidir. Azərbaycan ərazisində də bu xüsusiyyət öz təsdiqini tapır. Palçıq vulkanları adətən çox böyük dərinliklərdə yerləşmir. Onların məhsullarının tərkibində müxtəlif mikroelementlər və insan sağlamlığına müsbət təsir göstərə bilən maddələr mövcuddur. Məhz buna görə də bu palçıq tarixən məlhəm kimi istifadə olunub. Hazırda da bəzi sahələrdə ondan istifadə edilir. Bu, özlüyündə qorxulu və ya təhlükəli bir hal deyil. Tarix boyu palçıq vulkanlarının məhsullarından bəzi dəri xəstəliklərinin, müəyyən hallarda isə ürək-damar sistemi ilə bağlı problemlərin müalicəsində istifadə olunub. Xüsusilə müxtəlif dəri səpmələrinin aradan qaldırılmasında onun faydalı olduğu qeyd edilir. Mən hesab edirəm ki, palçıq vulkanlarının məhsulları zamanın sınağından çıxmış təbii müalicə vasitələrindən biridir. Azərbaycanın müxtəlif bölgələrində də insanlar nəsildən-nəslə bu təbii sərvətdən istifadə ediblər”.

Ekoloq qeyd edib ki, əgər istifadə sanitar-gigiyenik normalara uyğun aparılırsa, palçığın götürülməsi planlı şəkildə həyata keçirilirsə və təbii mühitə zərər vurulmursa, bu ərazilər mütləq qorunmalıdır:

“Heç kim insanların bu ərazilərə daxil olmasını və ya tarixən istifadə etdikləri palçıq vulkanlarından yararlanmasını tam şəkildə qadağan etməməlidir. Bu istiqamətdə indiyədək belə bir praktika olmayıb. Əksinə, yaxşı olar ki, bu ənənə qorunsun, palçıq vulkanlarının balneoloji əhəmiyyəti və müxtəlif xəstəliklərin müalicəsindəki effektivliyi daha geniş araşdırılsın. Mən palçıq vulkanlarından istifadənin qadağan edilməsinin tərəfdarı deyiləm. Daha məqsədəuyğun olardı ki, həmin ərazilərdə laborator analizlərin nəticələri təqdim edilsin, məlumat lövhələri yerləşdirilsin və istifadə qaydaları hazırlansın. Belə olduqda insanlar təbiətin bizə bəxş etdiyi bu nemətdən təhlükəsiz və düzgün şəkildə faydalana bilərlər. Bu, təkcə ayrı-ayrı şəxslər üçün deyil, ümumilikdə cəmiyyət, o cümlədən qadınlar, uşaqlar və digər əhali qrupları üçün də faydalı ola bilər. Məncə, bu yanaşma müsbət qiymətləndirilməlidir”. 


Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Ekologiya.az-a deyib ki, bu kimi el arasında geniş yayılan müalicə üsulları hər zaman mövcud olub və tətbiq edilib:

“Sadəcə, bu üsullardan istifadə edərkən diqqətli olmaq lazımdır. Əvvəlcə gigiyenik baxımdan nə dərəcədə uyğun olub-olmaması nəzərə alınmalıdır. Həmçinin şəxsin açıq yarasının olub-olmaması, ürək çatışmazlığı, qan-damar sistemi ilə bağlı hər hansı probleminin mövcudluğu da mütləq qiymətləndirilməlidir. Yüksək və ya kəskin temperaturun təsiri psixoloji problemləri, panik atakası və ya epilepsiyası olan insanlar üçün ciddi fəsadlar yarada bilər”. 

Həkimin sözlərinə görə, dəridə açıq yara varsa, bu, infeksiya riskini artırır:

“Qan-damar sistemində problem olan şəxslərdə isə belə üsullar qan dövranına mənfi təsir göstərə və əlavə gərginlik yarada bilər. El arasında istifadə olunan müalicə üsulları bəzən hamıya uyğun hesab olunur. Lakin əslində belə deyil. İnsanlar eşitdikləri hər müalicə üsulunu düşünmədən tətbiq etməməlidirlər. Əks halda, bu, müxtəlif sağlamlıq fəsadlarına səbəb ola bilər. Təbii ki, bu üsulların faydalı tərəfləri də var və onlar hər kəsə məlumdur. Ancaq mümkün zərərli təsirləri də heç vaxt nəzərdən qaçırılmamalıdır”. 

Aysel Elnur