Son illərdə görülən tədbirlər nəticəsində Bakı şəhərində yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir.


Ekologiya.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirədə məlumat verilib.


Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, eləcə də kommunal xidmətlərin fəaliyyəti müzakirə olunub.


Qeyd olunub ki, qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda, müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.


Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında Kanna, Platicodon, Vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır. Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır.

Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.