Süni intellekt texnologiyalarının sürətli inkişafı ətraf mühitin qorunması sahəsində də yeni imkanlar yaradır. Meşə yanğınlarının erkən aşkarlanması, hava və suyun keyfiyyətinin real vaxt rejimində izlənməsi, biomüxtəlifliyin qorunması və tullantıların idarə olunması kimi istiqamətlərdə süni intellektdən istifadənin genişlənməsi ekoloji problemlərin həllinə mühüm töhfə verə bilər. Bəs bu texnologiyalar ekologiyanın qorunmasında nə dərəcədə effektivdir?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Ekologiya.az-a açıqlamasında deyib ki, süni intellekt deyəndə ağlımıza mürəkkəb texnologiyalar gəlsə də, əslində onu planetimizi qoruyan, heç vaxt yorulmayan və gözündən heç nə qaçmayan "rəqəmsal bir təbiət keşikçisi" kimi düşünmək olar:
“Süni intellekt nəhəng informasiya axınını göz qırpımında təhlil edərək təbiətə vurulan zərərin qarşısını almaq üçün insana yardım edir. Məsələn, kosmosdakı peyklər və meşələrdəki kameralar vasitəsilə dumanı və ya tüstünü hələ ilk saniyələrdən aşkar edərək meşə yanğınlarının böyümədən söndürülməsinə kömək edir. Meşələrdə yerləşdirilən xüsusi sesötürücülər zəncirli mişar səsini tanıyaraq qanunsuz ağackəşmənin, kameralar isə qanunsuz ovçuların qarşısını dərhal alır”.
Mütəxəssis bildirib ki, kənd təsərrüfatında dronlar vasitəsilə tarladakı yalnız xəstə bitkiləri müəyyən edir:
“Beləliklə, bütün torpağı kimyəvi dərmanlarla zəhərləmək əvəzinə nöqtəvi müalicə aparılır və torpağın nəmliyi ölçülərək tonlarla suya qənaət edilir. Nəhəng binalarda və fabriklərdə isə havalandırma və işıqlandırmanı ehtiyaca görə tənzimləyərək lazımsız enerji sərfiyyatını minimuma endirir, okeanlardakı plastik tullantıların harada toplandığını xəritələndirərək dənizlərin təmizlənməsini asanlaşdırır. Süni intellekt təbiəti təkbaşına xilas edən sihirli bir çubuq olmasa da, planetimizin nəbzini tutaraq onu gələcək nəsillər üçün qorumaqda insanlığın ən güclü alətidir”.
Aysel Elnur