• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

    06

    may

    Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

    Dünyanın qlobal problemlərindən biri ekologiyanın və ətraf mühitin qorunmasıdır. Planetimizdə bu problem böhran həddinə çatıb. Eyni zamanda, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı problemin həllinə yeni yanaşmaya imkan verir.


    Ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt


    Müasir dövrdə innovativ texnologiyaları tətbiq etməklə ətraf mühiti qorumaq mümkündür. Bu gün ekologiya və ətraf mühitin qorunmasında rəqəmsal texnologiyalar və süni intellekt mühüm rol oynayır. Problemin həlli istiqamətində onlardan müxtəlif sahələrdə istifadə etmək mümkündür. Həmin istiqamətlərin bəzisinə diqqət yetirək.

    Məlumatların analizi. Məlumat bazaları vasitəsilə ətraf mühitin monitorinqi aparılır. Süni intellekt bu məlumatları analiz edərək ekoloji dəyişiklikləri izləyə və təhlil edə bilər. Proqnozlaşdırma. Süni intellektdən ekoloji hadisələri proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Məsələn, hava şəraitini proqnozlaşdırmaqla zərərli təsirlərin qarşısını almaq üçün tədbirlər görülə bilər. Resurs idarəetməsi. Rəqəmsal texnologiyalar və süni intellekt su, enerji və digər təbii resursların səmərəli istifadəsini təmin edə bilər. Bu, ətraf mühitin qorunmasına və davamlı inkişafın təmin edilməsinə kömək edir. Ətraf mühitin monitorinqi. Dronlar, peyklər və s. vasitəsilə ekoloji problemləri müşahidə etmək mümkündür. Süni intellekt bu məlumatları təhlil edərək çirklənmə və digər zərərləri müəyyənləşdirə və həll yollarını təklif edə bilər. Ekoloji tədqiqatlar. Süni intellekt təbii ekosistemlərin öyrənilməsində və dəyişikliklərin monitorinqində kömək edə bilər. Davamlı inkişaf. Rəqəmsal texnologiyalar və süni intellekt davamlı inkişaf hədəflərinə nail olmaq üçün səmərəli vasitələr təmin edir. Bu vasitələr ətraf mühitin qorunması üçün çox vacibdir və davamlı inkişafa təşviq etmək üçün mühüm əhəmiyyət daşıyır.

    Eləcə də nəqliyyat sektorunun optimallaşdırılmasında, tullantıların idarə olunmasında, biomüxtəlifliyin qorunmasında süni intellekt texnologiyalarını tətbiq etmək mümkündür.

    Azərbaycanda ekologiya sahəsində rəqəmsal texnologiyalar inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız”.

    Bu gün respublikamızda ətraf mühitin qorunmasında rəqəmsal həllərin tətbiqi vacib amil hesab olunur. Eyni zamanda, ölkəmizdə meşə zolaqları və yaşıl sahələr artırılır, ağac əkilməsi aksiyaları həyata keçirilir. Sənaye və nəqliyyat sektorunun modernləşdirilməsi ətraf mühitin çirklənməsini azaldır. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün mühüm layihələr həyata keçirilir. Ətraf mühitin qorunması ilə bağlı qanunvericilik tənzimləmələri yenilənir və gücləndirilir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə məqsədilə beynəlxalq sazişlərə qoşulub.

    Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü ekspert Fərid Pərdəşünas mövzu ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

    Onun sözlərinə görə, birinci məsələ ondan ibarətdir ki, texnologiya və süni intellektin köməyilə enerji effektivliyini tənzimləmək olur. Yəni süni intellekt nəqliyyat istehsalı sahəsində və sənayenin digər sahələrində enerjidən istifadəni optimallaşdıra bilir. Enerjiyə qədər qənaət edəriksə, ətraf mühiti bir o qədər qorumuş oluruq.

    İkinci məsələ bərpaolunan enerji ilə bağlıdır ki, bu da birbaşa texnologiyalara aiddir. Yəni texnologiyaları inkişaf etdirməklə, süni intellektdən də istifadə etməklə bərpaolunan enerji mənbələrini artırırıq. Məsələn, süni intellekt proqnoz verə bilir ki, hansı bərpaolunan enerji mənbələrindən istifadə etmək olar. Texnologiya bərpaolunan enerji mənbələrini qorumağa kömək edir. Təbii ki, hazırda Günəş, külək kimi bərpaolunan enerji mənbələrindən istifadə olunur. Bu da birbaşa sahib olduğumuz texnologiyaların sayəsindədir. Üçüncü məsələ proqnozlaşdırma ilə bağlıdır. Süni intellekt imkan verir ki, əlimizdə olan datalara əsasən, planetin növbəti illərdə iqlim dəyişikliyinin simulyasiyasını həyata keçirək. Əlimizdə olan məlumat bazasını daxil etməklə süni intellekt bizə 10-15 il sonra iqlimdə hansı dəyişikliklər baş verəcəyini, bizi nə gözlədiyini müəyyənləşdirməyə imkan verəcək. Yəni süni intellektin tətbiq edilməsinin əsas üstünlüklərindən biri proqnozlaşdırma ilə bağlıdır. Əlimizdə normal proqnozlar olarsa, onunla bağlı daha tez addımlar atmağa başlayacağıq. Süni intellekt həlləri hazırda imkan verir ki, əlimizdə olan məlumatlar əsasında proqnozlaşdırmanı geniş bir şəkildə həyata keçirərək müəyyən simulyasiyalar yaradaq. Dördüncü məsələ peyk texnologiyaların bizə verdiyi dəstəkdir. Hazırda iqlim dəyişikliklərinin izlənməsində, dünyada baş verən proseslərin görüntüyə alınmasında peyk texnologiyaları bizə kömək edir. Məsələn, həmin texnologiyalar vasitəsilə meşələrin qırılmasını izləyə bilirik, təbiətdə olan flora-faunanın necə dəyişdiyini görmək imkanımız yaranır, illərə görə müqayisələr və təhlillər apara bilirik. Müxtəlif ölkələr sırf bununla bağlı peyklər göndərirlər. Həmin peyklərin funksiyaları təbiəti izləmək, orada baş verən dəyişiklikləri qeydə almaqdır. Burada Çini nümunə göstərmək olar. Çinin bir layihəsi var idi, məhz bu proseslə əlaqədar idi. Həm flora və faunanı, həm də okeanların vəziyyəti süni intellektin sayəsində müşahidə edə bilirdi. Beşinci məsələ karbon emissiyasının azaldılması ilə bağlıdır. Burada süni intellektin əsas vəzifəsi karbon emissiyasının azaldılması ilə bağlı ən effektiv üsulları və əldə olunan datalar əsasında monitorinq strategiyalarını müəyyən etməklə bağlıdır. Təbii ki, iqlim dəyişikliyinin qarşısını almaqdan və təbiəti qorumaqdan danışırıqsa, bir nömrəli məsələ karbon emissiyasının azaldılmasıdır. Burada süni intellekt bizə həllər təklif edə bilər. Məsələn, nələri dəyişsək, karbon emissiyası təbiətdə azalar, hansı təkrar istehsal texnologiyalarından istifadə etmək lazımdır və s. Altıncı məsələ, texnologiyanın inkişafı ilə hidrogen və elektriklə işləyən avtomobillərin istehsalıdır. Təbiətdə olan iqlim dəyişikliklərinin qarşısını almaq, təbiətə daha az zərərli maddələrin buraxılması üçün avtomobil sənayesində çox ciddi dəyişikliklər baş verir. Hər şey bizi elektrik avtomobillərinə, hidrogen mühərrikli avtomobillərə doğru aparır. Hazırda elektrikin belə tam olaraq təbiətə ziyan vurmadığı bəllidir, o da müəyyən mənada elektrik enerjisinin alınmasında təbiətə zərər verir. Ona görə də texnologiyanın gələcəyi olan böyük avtomobil brendləri hidrogen mühərrikləri zərərsiz görür. Onlar istehsal prosesi nə qədər çətin və bahalı olsa da, hazırda təbiətə daha az zərər vuran mühərriklərdir. Təsadüfi deyil ki, bir sıra ölkələr müəyyən illərdən sonra digər mühərrikli avtomobillərdən imtina edəcəyini açıqlayıb. Bu, o deməkdir ki, texnologiyanın köməyilə təbiəti qorumağa çalışırıq. Görürük ki, rəqəmsal texnologiyalar və süni intellekt sayəsində ekologiya və ətraf mühitin qorunması üçün daha yaxşı imkanlar mövcuddur.

    Tarix : 6-05-2024, 19:30 | Oxunub: 96