Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə iyulun 23-24-də Balakən və Zaqatala rayonlarında növbəti fitosanitar monitorinqlər aparılıb.
Bu barədə Ekologiya.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər Balakən rayonunun Kortala, İtitala, Püştətala və Roçəhməd kəndlərində, eləcə də Zaqatala rayonunun Aşağı Tala, 3-cü Tala və Göyəm kəndlərində həyata keçirilib. Müşahidələr zamanı zərərvericinin uçuş dinamikasının izlənilməsi üçün feromon tələlərə baxış keçirilib, tələlərə düşmüş yetkin fərdlər uçota alınıb və populyasiyanın davamlı monitorinqi məqsədilə əlavə feromon tələləri quraşdırılıb.
Monitorinq nəticələrinə uyğun olaraq, zərərvericinin aşkarlandığı budaq və torlu yuvaların mexaniki üsulla kəsilərək məhv edilməsi, zərurət yaranan ərazilərdə isə təhlükəsizlik qaydalarına riayət edilməklə lokal kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.
“AQTA vətəndaşları, bələdiyyələri və təsərrüfat subyektlərini həyətyanı sahələrdə, park və yaşıllıq ərazilərində, eləcə də meyvə bağlarında mütəmadi fitosanitar müşahidələr aparmağa çağırır. Amerika ağ kəpənəyinə məxsus tor yuvaları və tırtıllar aşkar edildiyi halda onların vaxtında mexaniki üsulla məhv edilməsi, zərurət yarandıqda isə müvafiq mütəxəssislərə müraciət olunması tövsiyə edilir. Erkən mərhələdə həyata keçirilən fitosanitar tədbirlər zərərvericinin geniş ərazilərə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”, - deyə məlumatda qeyd olunub.