
COP29-un Azərbaycanda keçirilməsi ekoloji gündəliyin mühüm davamıdır.
Trend xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qar Störe Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının kuluarlarında jurnalistlərə deyib.
"Bu, çox mühüm davamıdır. Biz düzgün istiqamətdə hərəkət etməliyik. Ötən il Şarm əl-Şeyx və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əldə edilmiş qərarlar istiqamətində işləməliyik. Bu səbəbdən bu gündəliyi, öhdəliklərin icrasını davam etdirməli, texnologiya və energetika sahəsində gördüyümüz işlərin yekunlarını çıxarmalıyıq və Norveç bu işdə çox fəal iştirak edəcək", - o jurnalistlərə deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
Qeyd edək ki, Oksfordda yerləşən Blenheym sarayında "Avropa Siyasi Birliyi" IV Zirvə toplantısı keçirilir. Toplantıya 47-yə yaxın dövlət və hökumət başçısı Zirvə toplantısına dəvət olunublar.
Liderlər Ukraynaya gələcək dəstəyi, eləcə də, ümumi çağırışları müzakirə edirlər. Dəyirmi masa iclaslarında miqrasiya, enerji, qarşılıqlı əlaqələr, müdafiə və demokratiyanın qorunması kimi mövzular müzakirə olunur. Avropa Siyasi Birliyi ümumi maraq kəsb edən məsələlərin həlli və təhlükəsizlik, sabitlik və Avropa qitəsinin çiçəklənməsi üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışır.
(Tərcümə: Rəna Əbdürəhmanova)