Beynəlxalq ictimaiyyət iqlim fəaliyyətləri üçün vahid idarəetmə modeli hazırlamalıdır.

“Report” xəbər verir ki, bunu "Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər" Təşkilatının baş katibinin xüsusi müşaviri Firdaus Ussidhum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyada deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində işləməklə yanaşı, regional səviyyədə fəaliyyətləri gücləndirmək lazımdır: “İqlim fəaliyyətləri məsələlərində beynəlxalq ictimaiyyətlə regional idarəetmə arasında tarazlıq çox vacibdir. Bu, uğurun əsas açarıdır”.

F.Ussidhum tərəfləri iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlər görməyə çağırıb: "Boş dayanmağın qiyməti insan tələfatı və dəyər baxımından həddindən artıq yüksək olur".

O, həmçinin vurğulayıb ki, İtki və Zərər Fondu uyğunlaşdırılma və iqlim fəaliyyətlərinin həyata keçirilməsinə yardımda əsas sütun olmalıdır.