Türkiyənin qərbində yerləşən İzmir vilayətində baş vermiş genişmiqyaslı meşə yanğınları yaşayış məntəqələrinə qədər yayılıb.
Ekologiya.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, təxliyə tədbirləri çərçivəsində bölgədən artıq 42 mindən çox insan evakuasiya edilib.
Fövqəladə vəziyyətin yaranmasına əsas səbəb kimi bölgədəki uzunmüddətli quraqlıq və güclü istilər göstərilir. Yanğınların söndürülməsi üçün böyük qüvvələr səfərbər olunub. Hazırda onlarla yerüstü yanğınsöndürmə briqadası, eləcə də 6 təyyarə və 18 helikopter alovla mübarizə aparır.
Təəssüf ki, hadisə zamanı insan itkisi də qeydə alınıb. İzmirin Suçuklu kəndində aparılan təxliyə əməliyyatları zamanı 81 yaşlı sakin İbrahim Erkanın cəsədi tapılıb.
Türkiyə hakimiyyəti vəziyyəti nəzarətə götürmək və alovun yayılmasının qarşısını almaq üçün səyləri davam etdirir. Eyni zamanda, təhlükə altında olan digər yaşayış məntəqələrində də əhalinin təxliyəsi davam edir.