
Azərbaycanda 2025-ci ilin yanvarın 1-dən iyulun 1-dək maqnitudası 3 və ondan yuxarı 49 zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında ardıcıl çıxan statistikaya əsasən apardığı hesablamaya istinadən xəbər verir ki, yeraltı təkanlardan 46-nın maqnitudası 3 və 3-dən yuxarı, üçünün maqnitudası isə 4 və 4-dən yuaxrı yuxarı olub.
Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizi, Yardımlı, Lerik, Cəlilabad, Lənkəran, Hacıqabul, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, İmişli, Kəlbəcər, Qaxda qeydə alınıb.
Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Mərkəzin seysmik stansiyaları tərəfindən hər gün 10-20, bəzən daha çox olduqca zəif və yer səthinə gəlib çata bilməyən təkanlar qeydə alınır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev Referans-a açıqlamasında ilin növbəti 6 ayının seysmik proqnozundan danışıb.
“Bu il ərzində biz maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər müşahidə etmişik. Hər zaman öz müsahibələrimdə deyirəm ki, bu bir seysmik və tektonik aktivlik dövrüdür. Nəinki Azərbaycanda, bütün dünyada biz bunu gördük. Məsələn, Türkiyədə, Yunanıstanda və s. ərazilərdə bu baş verdi. Bu, dünya miqyasında dövrülük prosesidir. Hesab edirəm ki, növbəti 6 ay ərzində də davam edəcək. Azərbaycana gəldikdə isə mən hər zaman deyirəm ki, burada yerdəyişmə dinamikası aktivdir amma elə də intensiv deyil. Ona görə də burada dağıdıcı, katostrafik zəlzələlərin baş verməsi mümkün deyil. Çünki yerdəyişmə intensivliyi, geodinamik şərait, dərinliklərdə baş verən proseslər başqa cür inkişaf edir. Amma Azərbaycan ərazisi də bu fonda təbii ki, stabil, statik qala bilməz. Növbəti zəlzələlər Türkiyədə, İranda, Gürcüstanda qaçınılmazdır. Beləliklə, Azərbaycan da sabit qala bilməyəcək. Çünki bunlar qonşu seysmik plitələr və ocaqlardır, bunlar daim hərəkətdədir. Azərabaycan da təbii ki, seysmik və tektonik baxımdan hərəkətdə olacaq”.
Seysmoloq qeyd edib ki, hələ ki, tektonik və seysmik sabitlik görünmür. Bu dünya miqyasında davam edir və Azərbaycan da bundan kənarda qala bilməz.
“Xəzər dənizi mürəkkəb tektonik, geodinamik, seysmik aktivliyə malik regiondur. Burada geoloji pozuntular, tektonik qırılmalar, onların qovşaqları mövcuddur. Bu ilin 6 ayı ərzində baş vermiş seysmik fon olduqca təbiidir. Bundan sonrakı dövrdə də hiss olunan, maqnitudası 4-dən yuxarı, 5 bal olan zəlzələlər gözlənilir. Böyük Qafqazın cənub-şərq yamacı aktiv ərazilərdən biridir. Şamaxı-İsmayıllı, Şəki-Qəbələ, Oğuz ərazisi olduqca aktivdir. Amma Kiçik Qafqazın şimal yamacı da bunan geri qalmır. Nisbətən sakit ərazi olaraq Kür çökəkliyini qeyd edə bilərik”.