Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır
Ekologiya.az Qaynarinfo-a istinadla xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 000 manat ödəniləcək.
Bayram sovqatları Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə veriləcək. Satınalmanın şərtlərindən məlum olur ki, bayram sovqatları çəkisi ətlə ölçülən paylardan ibarət olacaq. 3 kiloqramdan ibarət 1600 ədəd pay Xırdalan şəhərində, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələrində paylanılacaq.
Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir.
"Premyer Prodakşin" MMC-yə gəlincə, bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin qalib gəldiyi müsabiqələrdəki satınalma predmetlərinə diqqət yetirdikdə müəyyən suallar yaranır.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Premyer Prodakşin” MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur.
Şirkətin hazırda 8739,75 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.
Səxavət Məmmədov kimdir?
07.07.2023-cü ildə yer alan məlumatlara görə Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, Şamaxı rayonunda fəaliyyət göstərən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları daxildir.
Buna baxmayaraq, bir il sonra Səxavət Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Səxavət Məmmədov fiziki şəxs kimi də çoxlu satınalmaların qalibi olub.
Ümumilikdə isə Səxavət Məmmədov 2025-ci ildə Mədəniyyət Nazirliyinə tabeli və regionlarda yerləşən teatrlarla ümumi dəyəri 246 868 manat olan 8 satınalma müqaviləsi bağlayıb.