Azərbaycan ilə İran arasında Araz çayı və ümumilikdə sərhədyanı su ehtiyatlarının idarə olunması məsələsi uzun illərdir ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu əməkdaşlığın institusional çərçivəsi isə daimi fəaliyyət göstərən Birgə Komissiya vasitəsilə təmin olunur.

Mütəxəssislərin fikrincə, bu komissiyanın fəaliyyəti təkcə texniki razılaşmalarla məhdudlaşmır, eyni zamanda regionda su resurslarının bölüşdürülməsi və istifadəsi üzrə strateji balansın qorunmasına xidmət edir.

qorxmaz23.jpg (41 KB)

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Musavat.com-a açıqlamasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsilə bağlı Azərbaycan ilə İran əldə olunan razılığı şərh edərkən bildirib ki, bu razılıq suvarma üçün ayrılan resurslar, Xəzərə çatacaq suların təmin olunmasını və s. ehtiva edir:

“Azərbaycanla İran arasında uzun sərhəd var. Hər iki ölkə sərhədboyu çayların, xüsusilə Araz çayının enerji ehtiyatlarından, su resurslarından istifadəni bərabər təmin edir”.

Qeyd edək ki, son iclasda müzakirə olunan məsələlər suyun keyfiyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi, monitorinq sistemlərinin təkmilləşdirilməsi və müasir suölçmə texnologiyalarının tətbiqi göstərir ki, tərəflər Araz çayının idarə olunmasında daha müasir və şəffaf yanaşmaya keçid etməyə çalışırlar. Bu cür texnoloji yeniliklər su səviyyəsinin və keyfiyyət göstəricilərinin daha dəqiq izlənməsinə, həmçinin məlumat mübadiləsinin operativliyinin artırılmasına imkan verir. Ümumilikdə, Azərbaycan ilə İran arasında bu sahədə əməkdaşlığın davamlı şəkildə inkişaf etməsi regional su təhlükəsizliyinin təmin olunması, transsərhəd su ehtiyatlarının səmərəli idarə edilməsi və ikitərəfli münasibətlərin praktik əsaslar üzərində möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.