“Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın qazandığı yüksək beynəlxalq etimadın və nüfuzun göstəricisidir. Bu mühüm tədbirin ölkəmizə yenidən həvalə olunması ölkəmizin beynəlxalq maliyyə institutları, təşkilatlar və tərəfdaş dövlətlər tərəfindən etibarlı əməkdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir”.
Bu sözləri Ekologiya.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib:
“COP29 kimi qlobal əhəmiyyətli iqlim konfransının, Ümumdünya Şəhərsalma Forumunun və digər beynəlxalq platformaların Bakıda keçirilməsi ölkəmizin təşkilati imkanlarının, təhlükəsizliyinin və beynəlxalq əməkdaşlıq potensialının yüksək qiymətləndirilməsinin nəticəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı 155 dövlətin dəstəyini qazanması, eləcə də Qoşulmama Hərəkatına sədrlik dövründə təşkilatın fəaliyyətinə yeni dinamika gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun parlaq göstəriciləridir. Bu uğurların təməlində isə ilk növbədə sabitlik amili dayanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, siyasi sabitlik olmadan iqtisadi inkişafdan, sosial rifahdan və uzunmüddətli tərəqqidən danışmaq mümkün deyil. Müstəqilliyinin 35 illik dövrünün böyük hissəsində Azərbaycan sabit inkişaf yolunu keçərək regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkədə formalaşmış siyasi sabitlik, ictimai həmrəylik və milli birlik iqtisadi yüksəlişin, sosial layihələrin və genişmiqyaslı islahatların uğurla həyata keçirilməsinə imkan yaradıb”.
Deputat bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətlərindən biri onun şaxələndirilməsi istiqamətində əldə edilən nailiyyətlərdir:
“Artıq qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizindən çoxunu formalaşdırır. Bu isə ölkənin yalnız enerji resurslarından asılı olmadığını, sənaye, kənd təsərrüfatı, xidmət, logistika və digər sahələrin inkişaf etdiyini göstərir. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayənin yatırılması ölkənin investisiya cəlbediciliyinin ən mühüm göstəricilərindən biridir. Xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi Azərbaycanın maliyyə dayanıqlığının və məsuliyyətli fiskal siyasətinin nəticəsidir. Eyni zamanda yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə qədər azalması həyata keçirilən sosial siyasətin effektivliyini nümayiş etdirir. Bu göstəricilər Azərbaycanı bir çox inkişaf etməkdə olan ölkələr arasında fərqləndirən əsas üstünlüklərdən hesab olunur”.
S.Salmanova vurğulayıb ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri də enerji və nəqliyyat sahələrində reallaşdırdığı strateji layihələrdir
“Bu gün Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir və bu ölkələrin bir çoxu enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı strateji tərəfdaş kimi qiymətləndirir. Bununla yanaşı, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilib. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycanın tranzit imkanları daha da aktuallaşır. Qarşıya qoyulan əsas hədəflərdən biri ölkə ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaq və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirməkdir. Enerji siyasətində yeni mərhələ isə yaşıl enerji gündəliyi ilə bağlıdır. Azərbaycan ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də böyük potensiala malikdir. Qarşıdakı illərdə ölkədə günəş və külək enerjisi istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2032-ci ilədək 8 giqavat həcmində yeni bərpaolunan enerji güclərinin yaradılması planlaşdırılır ki, bu da Azərbaycanın yaşıl enerji məkanına çevrilməsi istiqamətində mühüm addımdır”.
Parlamentari söyləyib ki, Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri isə ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına təmin edib. Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradan və sülh gündəliyini təşviq edən ölkə kimi çıxış edir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir Azərbaycan tarixinin ən böyük quruculuq layihələrindən biridir. Qısa müddət ərzində bu ərazilərə 17 milyard dollara yaxın investisiya yönəldilib. Yeni şəhərlər, kəndlər, yollar, hava limanları, sosial və enerji infrastrukturu yaradılır. Artıq 90 minə yaxın vətəndaş Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır. Bu proses Böyük Qayıdış proqramının uğurla icra olunduğunu göstərir. Azərbaycanın inkişaf strategiyası yalnız bu günün deyil, həm də gələcəyin çağırışlarını nəzərə alır. Qarşıdakı dövr üçün əsas prioritetlər sırasında iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqəmsal transformasiya, nəqliyyat-logistika imkanlarının artırılması və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi dayanır”.
“Qlobal geosiyasi və iqtisadi dəyişikliklərin yaşandığı bir zamanda Azərbaycan öz inkişaf modelini milli maraqlar, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurur. Son illərin uğurları göstərir ki, ölkəmizin seçdiyi inkişaf yolu düzgün strateji qərarlara, güclü siyasi iradəyə və xalq-dövlət birliyinə əsaslanır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın yalnız əldə etdiyi nailiyyətlərin təqdimatı deyil, həm də gələcək inkişafın strateji yol xəritəsidir. Bu yol xəritəsinin əsas istiqamətləri sabitlik, iqtisadi dayanıqlılıq, beynəlxalq tərəfdaşlıq, innovasiya, yaşıl inkişaf və milli maraqların qətiyyətlə müdafiəsidir. Məhz bu amillər Azərbaycanın gələcək illərdə də regionun aparıcı dövləti və qlobal əməkdaşlığın etibarlı tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirəcəyini göstərir”, - deputat qeyd edib.