Rusiyanın Zabaykalye diyarının Krasnoçikoyski rayonunda yağan güclü qar Balyaqa-Yamarovka regional avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkətini müvəqqəti olaraq məhdudlaşdırıb.

Ekologiya.az Rusiya mediasına istinadla xəbər verir ki, avtomobil yolunun 94-cü və 104-cü kilometrləri arasında nəqliyyatın hərəkəti dayandırılıb. Bağlanmaya sulu qarın yaratdığı ağır hava şəraiti səbəb olub.

Yol briqadaları hadisə yerində işləyir, trasdan qarı təmizləyir və yıxılmış ağacları kənarlaşdırır.

Regional Nəqliyyat Nazirliyi sürücüləri imkan daxilində uzun səfərlərdən çəkinməyə, sürət həddinə riayət etməyə və hava şəraitini nəzərə almağa çağırıb.

Yerli medianın məlumatına görə, rayonda yağan qar tədricən əriyir, lakin Zabaykalye diyarının bəzi ərazilərində yağıntılar davam edir. Əlverişsiz hava şəraiti və əriyən qar səbəbindən Çeremxovo kəndi yaxınlığındakı Çikoy çayında suyun səviyyəsi 20 santimetr artıb.