2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU)  Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində əmək bazarının tələblərinə cavab verən üç yeni ixtisaslaşma – “Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” üzrə qəbul həyata keçiriləcək.

“Ekoloji ekspertiza” ixtisaslaşması ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlib.
 Tələbələr ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), strateji ekoloji qiymətləndirmə (SEQ), ekoloji layihələndirmə, ekologiya hüququ, ekoloji audit, ekoloji monitorinq, ekoloji norma və standartlar, texnogen təsirin qiymətləndirilməsi kimi müasir fənləri mənimsəyəcəklər. Təhsil müddətində ekoloji risklərin təhlili, ekspert rəylərinin hazırlanması, monitorinq sistemlərinin tətbiqi, ekoloji qanunvericiliyin icrası və ekoloji layihələrin idarə olunması istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.
 Məzunlar dövlət və özəl sektorda, ətraf mühitin mühafizəsi və ekoloji nəzarət qurumlarında, ekoloji ekspertiza və ƏMTQ təşkilatlarında, ekoloji monitorinq və laboratoriya mərkəzlərində, sənaye, tikinti, energetika, nəqliyyat və kənd təsərrüfatı müəssisələrinin ekoloji bölmələrində, ekoloji audit və konsaltinq şirkətlərində, elmi-tədqiqat institutları, ali təhsil müəssisələrində, həmçinin yerli və beynəlxalq layihələrdə ekoloq, ekoloji ekspert, monitorinq mütəxəssisi, auditor, layihə koordinatoru və tədqiqatçı kimi fəaliyyət göstərə biləcəklər.