Laçın rayonunun Nağdalı kəndində üç balası ilə birlikdə görüntülənən ayı həm sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, həm də vəhşi təbiətlə davranış qaydalarını yenidən gündəmə gətirib. Yayılan görüntülərdə bəzi sakinlərin, hətta yanlarında azyaşlı uşaqlar olduğu halda, ayını qorxutmaq üçün yüksək səslər çıxarması mütəxəssislər tərəfindən təhlükəli davranış kimi qiymətləndirilir. Balalarını qoruyan ayı özünü təhlükədə hiss etdikdə aqressivləşə bilər və bu, faciəvi nəticələrə səbəb ola bilərdi. Üstəlik, hadisənin sərhədyanı ərazidə baş verməsi vəhşi heyvanın qorxu və təşviş içində istiqamətini dəyişərək sərhədi keçməsi ehtimalını da gündəmə gətirir. 

Bəs bu cür hallarda vətəndaşlar necə davranmalıdır və vəhşi heyvanlarla qarşılaşarkən hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?

Bu barədə Ekologiya.az-a açıqlamasında tanınmış ekoloq, heyvan hüquqları müdafiəçisi, "Alyans" Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədr müavini Mənsurə Rəsulzadə bildirib ki,  Laçının Nağdalı kəndində ayının üç balası ilə birlikdə görüntülənməsi əslində müsbət haldır:


“Bu, həmin ərazidə vəhşi təbiətin və biomüxtəlifliyin qorunub saxlandığını göstərir. Söhbət işğaldan azad olunmuş ərazilərdən gedir. Uzun illər bu ərazilərdə insanların yaşamaması və təbiətə müdaxilənin minimum səviyyədə olması səbəbindən vəhşi heyvanlar həmin əraziləri öz təbii yaşayış mühiti kimi qəbul ediblər. İndi isə insanların tədricən geri qayıtması ilə insan–vəhşi heyvan təması qaçılmaz olur. Videoda görünür ki, insanlar ayını yüksək səslərlə qorxutmağa çalışırlar. Bu, estetik baxımdan xoş görünmür. Xüsusilə də balaları ilə birlikdə olan heyvanın təşviş keçirməsi insanda narahatlıq yaradır. Balaların dönüb geriyə baxması, ananın onları aparmağa çalışması təsirli mənzərədir”.

Heyvan hüquqları müdafiəçisi qeyd eidb ki, ayının yaşayış məntəqəsinə yaxınlaşması nə insanlar, nə də heyvan üçün təhlükəsizlik baxımından arzuolunan vəziyyətdir:

“İnsanlar özlərini qorumağa çalışırlar və bu baxımdan heyvanın qorxudularaq ərazidən uzaqlaşdırılması müəyyən mənada onun üçün də bir siqnaldır ki, yaşayış məntəqələrinə yaxınlaşmaq təhlükəlidir. Lakin əsas məsələ problemin sistemli şəkildə həll edilməsidir. İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin qorunması, vəhşi heyvanların təbii yaşayış mühitinin mühafizəsi və insanların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir. İnsanların və vəhşi heyvanların yaşayış areallarının mümkün qədər ayrılması, riskli ərazilərdə müvafiq xəbərdarlıq və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Videodan hadisənin dəqiq hansı ərazidə baş verdiyini tam müəyyən etmək mümkün deyil. İnsanların dayandığı yerin yaşayış məntəqəsi olub-olmadığı aydın görünmür. Ayının hərəkət etdiyi ərazi isə meşəlikdən çox açıq sahəyə bənzəyir. Buna görə də hadisəni bütün detalları ilə qiymətləndirmək çətindir. Ancaq bir məsələ dəqiqdir ki, ayının üç balası ilə birlikdə həmin ərazidə görünməsi Azərbaycanın bu bölgəsində vəhşi təbiətin yaşadığını və biomüxtəlifliyin qorunduğunu göstərən sevindirici faktdır. Bütün çətinliklərə, müharibənin yaratdığı ağır nəticələrə baxmayaraq, həmin ərazilərdə vəhşi fauna öz mövcudluğunu qoruyub saxlayıb. Bu isə təbiət baxımından olduqca dəyərli göstəricidir”.

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev qeyd edib ki, balalı ayı ilə qarşılaşmaq vəhşi təbiətdə ən riskli situasiyalardan biridir:


“Çünki ana ayı balalarını təhlükədə hiss etdiyi anda instinktiv olaraq müdafiəyə keçir və bu zaman davranışını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların ayını qorxutmaq üçün yüksək və qeyri-adi səslər çıxarması təhlükəsizlik baxımından düzgün davranış hesab edilə bilməz. Əgər insanların yanında azyaşlı uşaqlar varsa, məsuliyyət daha da artır. Belə vəziyyətdə ilk növbədə uşaqlar sakitləşdirilməli, onların qaçmasına və qışqırmasına imkan verilməməlidir. Qaçmaq ayıda təqib instinktini oyada bilər və vəziyyəti daha da təhlükəli hala gətirər. Ana ayı üçün əsas prioritet balalarını qorumaqdır və o, insanın niyyətini ayırd edə bilmir. Belə hallarda ayıya yaxınlaşmaq, onu videoya çəkmək, səs salmaq və ya müxtəlif vasitələrlə qorxutmağa çalışmaq ciddi səhvdir. İnsanlar mümkün qədər sakit davranmalı, ani hərəkətlər etmədən yavaş-yavaş geriyə çəkilməlidirlər”. 

Ekspert qeyd edib ki, ayının hərəkət istiqamətinə mane olmaq və ya onunla balalarının arasına girmək isə ən təhlükəli davranışlardan biridir:

“Əgər ayı sizi görüb, lakin aqressiv davranmırsa, onun diqqətini cəlb edəcək hərəkətlər etmək lazım deyil. Hündür səslə qışqırmaq, daş atmaq və ya avtomobil siqnalından istifadə etmək heyvanı qorxutmaq əvəzinə daha da aqressivləşdirə bilər. Xüsusilə balalı ayılar təhlükə hiss etdikdə hücum ehtimalı xeyli yüksəlir. Belə hadisə ilə qarşılaşan şəxslər ərazini təhlükəsiz şəkildə tərk etdikdən sonra aidiyyəti qurumlara məlumat verməlidirlər. Bu, həm digər insanların təhlükəsizliyi, həm də heyvanın qorunması baxımından vacibdir. Vəhşi heyvanların yaşayış mühitinə müdaxilə etmək və onları təxribata çəkmək yolverilməzdir. Unutmaq olmaz ki, ayı insanı ov kimi deyil, təhlükə mənbəyi kimi qiymətləndirir. İnsanların düzgün davranışı həm mümkün faciələrin qarşısını alır, həm də vəhşi heyvanın təbii davranışına zərər vermir. Sosial şəbəkələrdə maraqlı görüntü əldə etmək naminə həyatları riskə atmaq doğru yanaşma deyil. Belə hallarda əsas prinsip məsafəni qorumaq, sakitliyi saxlamaq və peşəkar qurumların müdaxiləsini gözləməkdir. Bu qaydalara əməl edilməsi həm insanların, həm də vəhşi təbiətin təhlükəsizliyi üçün ən düzgün seçimdir”.

Aysel Elnur