• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezident həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verdi - SƏRƏNCAM

    29

    dek

    Prezident həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verdi - SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.


    Ekologiya.az  xəbər verir ki, Sərəncamda deyilir:

    2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

    Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

    Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

    Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

    1-ci dərəcəli “Rəşadət” ordeni ilə:

    Əsədov Zülfiqar Sərdar oğlu

    Rəhimli Aydan Vaqif qızı.

    Tarix : 29-12-2024, 18:26 | Oxunub: 1 144