• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu qarşılıqlı inteqrasiya və mübadilə baxımından olduqca önəmlidir- Eyzangül Qənbərova

    27

    okt

    Bu qarşılıqlı inteqrasiya və mübadilə baxımından olduqca önəmlidir- Eyzangül Qənbərova

    Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu ölkəmiz üçün çox əhəmiyyətli və mühüm tədbirdir. Forum beynəlxalq geologiya və dağ-mədən sənayesi təcrübəsinin öyrənilməsi, qarşılıqlı inteqrasiya və mübadilə baxımından olduqca önəmlidir.
     
    Ekologiya.az xəbər verir ki, bunu ETSN-in Dövlət Geoloji İnformasiya Fondunun rəisi Eyzangül Qənbərova Bakıda keçirilən "Heydər Əliyev ili”nə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
    O qeyd edib ki,  son onilliklərdə yüksəliş etməkdə olan dağ-mədən sənayesinin inkişafının əsası Ulu öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi geologiya və dağ mədənçiliyi sahəsində də Ümummili liderin əvəzsiz xidmətləri olub. 
    “Dövlət Geoloji İnformasiya Fondunun mövcudluğu və təkmilləşməsi də Heydər Əliyevin bu sahəyə olan diqqəti ilə əlaqədardır. Ulu Öndərin 23 may 2001-ci il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb və Fond, Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondu adlandırılaraq fəaliyyətini davam etdirib.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən 28 dekabr 2022-ci il tarixdən etibarən ETSN-in tabeliyində Dövlət Geoloji İnformasiya Fondu kimi fəaliyyət göstərir. Bu fərman və sərəncamlar Ulu Öndərin və möhtərəm Prezidentimizin bu sahəyə diqqətinin bariz göstəricisidir”.
    E.Qənbərova bildirib ki, Dövlət Geoloji İnformasiya Fondunda yerin təkini səciyyələndirən geoloji-kəşfiyyat, elmi tədqiqat, tematik, istismar və başqa proseslərdə əldə edilən geoloji, geofiziki, geokimyəvi, geoekoloji, mühəndis-geoloji, hidrogeoloji, aero və kosmofotogeoloji və digər məlumatları əks etdirən hesabatlar, müxtəlif ölçülü xəritələr və cizgi əlavələri saxlanılır, həmçinin müvafiq qaydada istifadəsi və mübadiləsi həyata keçirilir.
    “İlkin mərhələdə respublika ərazisində aparılacaq hər bir geoloji işi planlaşdırmaq üçün Fond mənbə rolunu oynayır. Eyni zamanda, aparılacaq hər bir işin, baxılacaq hər bir yatağın təhlili, yenidən qiymətləndirilməsi və istismarı üçün bütün mövcud məlumatlar mərkəzi baza olaraq fondda toplanır”.
    E.Qənbərovanın sözlərinə görə, Fondun əsas məqsədi geoloji-kəşfiyyat və dağ-mədən sektorunun məlumatlarla təmin edilməsi, elektron portalın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi və qlobal informasiya sistemində iştirakının təmin olunmasıdır.
    “Bu istiqamətdə mövcud potensialımıza və perspektivlərə uyğun qarşıdakı hədəfimizi müəyyən etməkdə beynəlxalq təcrübədən yararlanmaq olduqca önəmlidir ki, bu baxımdan Beynəlxalq Geologiya və Mədənçilik Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir”.

    Tarix : 27-10-2023, 11:38 | Oxunub: 537