• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Geniş yolun dar qazancı – Keşlə bazarının son günləri REPORTAJ

    26

    iyn

    Geniş yolun dar qazancı – Keşlə bazarının son günləri REPORTAJ

    Bakının Keşlə qəsəbəsində avtomobil yolunun genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri sürətlənib. Bu isə ərazidəki sahibkarların alverinə ciddi təsir göstərib. Bazar ətrafında yerləşən obyektlərin bəziləri artıq sökülüb, texnika isə tam gücü ilə işləyir. Hazırda alıcıların sayı azalıb, iaşə obyektləri gəlir itkisi ilə üz-üzə qalıb.

    Ekologiya.az əməkdaşı ərazidə aparılan tikinti işləri ilə yaxından tanış olub. Hazırda Keşlə bazarının yaxınlığında magistral yolun genişləndirilməsi layihəsi çərçivəsində ciddi işlər aparılır. Əraziyə cəlb olunan texnikalar günün əksər saatlarında işləyir. Yolun bir hissəsi qazılıb, bəzi yerlərdə asfalt qatı tam sökülüb.

    Ərazidə yerləşən kiçik dükanlar, dönərxanalar, geyim və ərzaq mağazaları isə müştəri sarıdan əziyyət çəkir. Ticarət obyektlərinin sahibləri deyirlər ki, əvvəlki kimi gəlir əldə edə bilmirlər.

    Bazar kənarında yerləşən obyekt sahibləri bizimlə söhbətdə qeyd ediblər ki, əvvəlki illərə nisbətən müştəri xeyli azalıb:

    WhatsApp Image 2025-06-26 at 12.02.58 (1).jpeg (167 KB)

    "Buradan hər gün yüzlərlə insan keçirdi. İndi texnika qoyulub, yolu bağlayıblar, adam gəlmir. Gəlirimiz 3 dəfə azalıb. Biz də başa düşürük ki, bu yol lazımdır, amma bizə də bir çıxış yolu göstərilməlidir".

    Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, bu genişləndirmə işi Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyasına qədər uzanacaq 3.9 kilometrlik yeni yolun inşasının tərkib hissəsidir. Yol 6 zolaqlı olacaq və 4 tunel, 3 yeraltı piyada keçidi də nəzərdə tutulub.

    Layihənin əsas məqsədi Ziya Bünyadov və Heydər Əliyev prospektlərindəki sıxlığın azalması, avtomobil axınının sürətləndirilməsi və təhlükəsizliyin artırılmasıdır. Tikinti işləri təkcə yolu yox, həm də bəzi tikililəri əhatə edir.

    AAYDA-nın məlumatına görə, ərazidəki bəzi tikililər, o cümlədən “Keşlə bazarı” və fərdi evlər söküləcək obyektlər siyahısına daxil edilib. Bazar rəhbərliyi icarədarları artıq bir neçə ay əvvəl xəbərdar edib, lakin alternativ satış məkanı təqdim olunmayıb. Bəzi satıcılar son ayın icarə haqqından azad edilsə də, köçürülmənin necə baş tutacağı barədə hələ də qeyri-müəyyənlik hökm sürür.

    WhatsApp Image 2025-06-26 at 12.02.58.jpeg (158 KB)

    Ərazidə görülən işlərin miqyası təkcə bazarla məhdudlaşmır. Yaxınlıqdakı bəzi iaşə obyektləri də sökülüb. Misal üçün, yaxınlarda “Şəki Qala” restoranı da bu layihə çərçivəsində tamamilə sökülüb. Restoran bir neçə ildir fəaliyyət göstərsə də, yol layihəsinin tam üstündə yerləşdiyindən tamamilə ləğv olunub.

    Sürücülər yolun genişlənəcəyinə sevinirlər, amma tikinti dövründəki narahatlıq da göz önündədir.

    Keşlə ərazisində aparılan yol genişləndirmə işləri həm şəhərin gələcəyi üçün strateji əhəmiyyət daşıyır, həm də hazırda orada çalışan yüzlərlə insanın güzəranına mənfi təsir edir. Bir tərəfdə tıxacların azalması və müasir yol infrastrukturu, digər tərəfdə isə müştərisini itirən dükanlar, sökülən restoranlar və sual altına düşmüş gəlirlər. Paytaxtda rahat yollara doğru atılan addımlar bəzən kiçik sahibkarların həyatında böyük sarsıntılar yaradır.

    Afaq Mirayiq,
    Fotolar müəllifindir,
    Musavat.com

    Tarix : Bu gün, 14:50 | Oxunub: 72