• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda COP-29-un keçirilməsi ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir

    23

    fev

    Bakıda COP-29-un keçirilməsi ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir

    Bu gün dünya ictimaiyyətini müharibə və münaqişələrlə yanaşı iqlim dəyişikliyi də narahat edir və bunun qarşısının alınması istiqamətində elm adamları ilə yanaşı dövlətlər də əsaslı fəaliyyətə başlayıblar.


    Bu problem bütün dünyanı əhatə etdiyi üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 190-dan çox dövlət qoşulub. Bu dövlətlər müxtəlif konfrans və seminarlar keçirərək yaşıl enerjiyə keçidin (transformasiya) reallaşmasını və atmosferə karbon qazının atılmasının azaldılmasına çalışırlar. Bu tədbirlər arasında konvensiya tərəfdarlarının konfransı (Conference of the Parties (COP)) xüsusilə əhəmiyyətlidir. Sayına görə 29-cu konfrans (COP-29) cari ilin noyabr ayında Bakıda keçiriləcək və bu tədbir ölkəmiz üçün mühüm xarakter daşıyır.


    Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə öz növbəsində enerji transformasiyanın əsas istiqaməti olan bərpa olunmayan enerji mənbələrindən (kömür, neft, qaz, torf, müxtəlif növ bitumlar və s.), bərpa olunan enerjiyə (günəş, külək, su axarları və s.) keçmək deməkdir. Dünya İqtisadi Forumu bu prosesləri son onillikdə, yəni 2014-2023-cü ildə necə getdiyini təhlil edib.


    Təhlilə əsasən, dünya ölkələrinin Enerji Keçidi İndeksi hesablanıb. Tədqiqatlara görə, bu siyahıya İsveç 75,5 indeksi ilə başçılıq edir. Minimal Enerji Transformasiya İndeksi (40) Yəməndə qeyd edilib. Azərbaycanın indeksi 62-yə bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 32-ci yerdədir.


    Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpa olunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizində isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır.

    Prezident İlham Əliyev hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Qarabağda, Bakıda, Naxçıvanda böyükhəcmli işlər həyata keçirilib. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə elektrik enerjisi istehsalı 20 milyard 279,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çoxdur. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra isə azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

    Beynəlxalq standartlara əsasən transformasiyanın vacib şərti enerji səmərəliliyidir. Səmərəlilik hər vahid enerjinin istifadəsi nəticəsində hansı dəyərdə ümumi daxili məhsul (ÜDM) istehsal olunduğuna əsaslanır. Bu zaman enerji vahidi kimi bir kiloqram neftdə olan enerjidən istifadə olunur. Dünya Bankının hesabatlarına əsasən, Azərbaycanda 2003-cü ildə bir vahid enerjinin istifadəsi nəticəsində dəyəri 4 dollar olan ÜDM istehsal olunurdu. Beynəlxalq qurumun ən son dərc etdiyi məlumatlara görə, ölkəmizdə bu rəqəm 11,6 dollar təşkil edir. Bu isə son 20 ildə Azərbaycanda enerji səmərəliliyinin təxminən 3 dəfə artdığını göstərir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir vahid enerjinin istifadəsi nəticəsində ölkəmizdə 11,6 dəyəri olan ÜDM yaradılırsa, qonşu Rusiyada bu rəqəm 5,3, İranda 5,3, Qazaxıstanda 5,6 dollar təşkil edir. Azərbaycanın enerji səmərəliliyi sahəsində əldə etdiyi göstərici Fransa (11,1 dollar), Yaponiya (11,8 dollar), Macarıstan (11,0 dollar), Litva (11,8 dollar) və digər inkişaf eləmiş ölkələrlə müqayisə edilə bilər.

    Enerji keçidi (transformasiyası) indeksinin hesablanmasında istifadə edilən digər göstərici atmosferə karbon qazının (CO2) emissiyasıdır. Enerji səmərəliliyi ölkədə artdığından 2000-ci illə müqayisədə karbon qazının emissiyası da 5 dəfəyə qədər azalıb.

    Qeyd olunanlardan bəlli olur ki, enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.

    Tarix : 23-02-2024, 18:32 | Oxunub: 321