• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yerin yüzlərlə kilometr altında ŞOK PROSES

    08

    iyn

    Yerin yüzlərlə kilometr altında ŞOK PROSES

    ABŞ-də aparılan yeni elmi araşdırma Şimali Amerikanın dərinliklərində milyonlarla ildir davam edən gizli geoloji prosesi üzə çıxarıb. Alimlər Yer səthindən yüzlərlə kilometr aşağıda yerləşən və qitənin ən qədim hissəsini tədricən aşındırdığı düşünülən iki nəhəng isti qaya axını müəyyən ediblər.

    Ekologiya.az xəbər verir ki, araşdırma ABŞ-ın Purdue University universitetinin geofiziki Xiaotao Yang rəhbərliyində həyata keçirilib və nəticələr Nature Communications jurnalında dərc olunub. Tədqiqatçılar bildirirlər ki, bunlar əsl lava çayları deyil, Yerin mantiyasında çox yavaş hərəkət edən, ətrafındakı süxurlardan daha isti və daha yumşaq qaya axınlarıdır.

    Məlumata görə, aşkar edilən hər iki isti qaya koridorunun eni təxminən 150-200 kilometrdir. Onların qitənin alt hissəsində 500-600 kilometr dərinliyə qədər uzandığı və müxtəlif istiqamətlərdən hərəkət edərək ABŞ-ın South Dakota və Wyoming ştatları yaxınlığındakı Black Hills bölgəsinə doğru yönəldiyi müəyyən edilib.

    Alimlər hesab edirlər ki, bu proses Şimali Amerikanın milyardlarla il yaşı olan geoloji nüvəsinin əvvəl düşünüldüyü qədər sabit olmadığını göstərir. Yeni məlumatlar dərin mantiyada baş verən hərəkətlərin qitənin təməlini zamanla zəiflədə və aşındıra bildiyinə işarə edir.

    Kəşf zamanı alimlər "seysmik səs-küy tomoqrafiyası" adlanan üsuldan istifadə ediblər. Okean dalğaları və atmosfer hərəkətlərinin yaratdığı təbii titrəyişlər analiz edilərək Yerin daxili quruluşunun üçölçülü xəritəsi hazırlanıb. Bu üsul sayəsində isti və yumşaq qaya sahələri daha soyuq və sərt süxurlardan fərqləndirilib.

    Tədqiqat müəllifləri vurğulayırlar ki, sözügedən geoloji proses insanlar üçün birbaşa təhlükə yaratmır. Lakin bu kəşf qitələrin necə formalaşdığı, zamanla necə dəyişdiyi və milyardlarla il ərzində necə təkamül keçirdiyi barədə mövcud elmi nəzəriyyələrin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

    Musavat.com

    Tarix : Bu gün, 10:25 | Oxunub: 96