Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb.
Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına da daraşırlar. Bunun qarşısını almaq üçün vətəndaşlar həyətlərindəki tut və ərik ağaclarını kəsirlər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq. Bildirilib ki, son günlər Lənkəran rayonu ərazisindəki ağaclarda müşahidə edilən zərərvericilərlə bağlı vətəndaşların narahatlığı barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin nəzarətindədir: “Vətəndaşların şikayətlərində qeyd olunan, kütləvi şəkildə ağaclara və evlərin divarlarına yayılan zərərverici Amerika ağ kəpənəyidir (Hyphantria cunea). Bu zərərverici təhlükəli karantin tətbiq edilən növ olmaqla, polifaq xüsusiyyətə malikdir. Yəni, bir çox bitki növü ilə, xüsusən də tut, ərik, alma və digər meyvə-giləmeyvə ağacları, eləcə də bəzək bitkiləri ilə qidalanır. Hazırda bölgədə müşahidə edilən vəziyyət Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarının inkişaf dövrünə təsadüf edir. Bu tırtıllar çox qısa müddətdə ağacların yarpaqlarını tora bürüyərək tamamilə yeyir.
Bildirmək istəyirik ki, vətəndaşlar zərərvericidən xilas olmaq məqsədilə təşvişə düşərək tut, ərik və digər meyvə ağaclarını kəsməsinlər. Zərərvericilər hazırki dövrdə ağacların yaşıl kütləsi ilə qidalanaraq onlara ziyan vururlar. Bu zaman onlara qarşı ən əlverişli mübarizə üsulu zədələnmiş hissənin kəsib atılmasıdır, belə ki, həmin ağaclar növbəti ildə yenidən özlərini bərpa etmək potensialını qoruyub saxlayırlar”.
Nazirlikdən qeyd edilib ki, zərərvericinin kütləvi yayılmasının qarşısının alınması məqsədilə mərkəz tərəfindən dövlət büdcəsi hesabına təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirilir: “Hazırda Lənkəran rayonunun Girdəni, İstisu və Vilvan kənd ərazilərində Amerika ağ kəpənəyinin 2-ci nəslinin tırtıllarına qarşı kənd təsərrüfatı sahələrində kimyəvi mübarizə işləri aparılır. Əlavə olaraq, Şirinsu, Port kəndləri və Liman şəhəri ərazilərində də kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam edir. İşlərin miqyası nəzərə alınaraq mübarizə tədbirləri növbəti həftə ərzində də davam etdiriləcək. İndiyədək artıq 100 hektara yaxın ərazidə dərmanlama işləri icra olunub və ehtiyac yaranarsa bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılıb.
Əhaliyə bildiririk ki, Gələcəkdə ərazilərində bu cür kütləvi zərərverici hücumları və ya analoji hallarla qarşılaşdıqda dərhal Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etsinlər. Müraciət əsasında mütəxəssislərimiz tərəfindən əraziyə operativ baxış keçiriləcək və müvafiq zərərsizləşdirmə tədbirlərinin görülməsi təmin ediləcək”.
Mədinə Useynova