Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda əkin sahələrində torpağın qida maddələri ilə təminat səviyyəsinin, bu göstəricilərin dinamikasının və torpaq münbitliyinin öyrənilməsi üzrə tədqiqatlar aparılır.

Bu barədə AEkologiya.az-a institutdan məlumat verilib.

Tədqiqat çərçivəsində Goranboy rayonunun taxıl və tütün əkin sahələrində çöl ekspedisiyaları həyata keçirilib. Mütəxəssislər tərəfindən torpaq örtüyünün morfoloji xüsusiyyətləri qiymətləndirilib, əkin sahələrinin mövcud vəziyyəti öyrənilib və 0–30 santimetr dərinlikdən torpaq nümunələri götürülüb.

Hazırda toplanmış nümunələr laboratoriya şəraitində təhlil edilir. Analizlər zamanı torpağın əsas aqrokimyəvi göstəriciləri, qida elementlərinin miqdarı və münbitlik səviyyəsi müəyyənləşdirilir.

Mütəxəssislərin sözlərinə görə, əldə olunacaq nəticələr əkin sahələrinin qida maddələri ilə təminat vəziyyətinin qiymətləndirilməsinə, torpaq münbitliyində baş verən dəyişikliklərin izlənilməsinə, habelə torpaqdan səmərəli istifadə və elmi əsaslandırılmış gübrələmə tədbirlərinin hazırlanmasına imkan verəcək.

Qeyd edilib ki, tədqiqatın nəticələri regionun torpaq ehtiyatlarının davamlı idarəolunması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və torpaq münbitliyinin qorunması istiqamətində həyata keçiriləcək tədbirlər üçün elmi baza rolunu oynayacaq.