• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 200 manat cərimə ilə iş bitmir: Şagirdə zorakılıq edən müəllimləri nə gözləyir? - Vəkildən AÇIQLAMA

    10

    iyn

    200 manat cərimə ilə iş bitmir: Şagirdə zorakılıq edən müəllimləri nə gözləyir? - Vəkildən AÇIQLAMA

    Saray qəsəbəsində yerləşən 1 nömrəli məktəbdə müəllimin şagirdi döydüyü iddia olunur. Hadisədən sonra xəsarət alan uşağın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və məsələ ictimai müzakirələrə səbəb olub. Dünən isə bir müəllim şagirdin başına saqqız yapışdırıb, saçını qırxıb. Milli Məclis tərəfindən qəbul edilən yeni dəyişikliklərə əsasən, uşaqlara qarşı psixoloji və ya fiziki zorakılıq tətbiq edən şəxslər üçün cərimə nəzərdə tutulur.

    Bəs baş vermiş hadisə ilə bağlı həmin müəllimlərə 200 manat məbləğində cərimə tətbiq oluna bilərmi? Ümumiyyətlə, şagirdə qarşı fiziki zorakılıq göstərən müəllimi hansı hüquqi və intizam məsuliyyəti gözləyir?

    Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Cavanşir Qasımzadə bildirdi ki, Milli Məclisin qəbul etdiyi inzibati cərimə bu cür ağır halları tam əhatə etmir:

    "Uşağa qarşı fiziki zorakılıq tətbiq edilməsi və ona xəsarət yetirilməsi təkcə pul cəriməsi ilə yekunlaşmır. Çünki burada inzibati məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti yarada biləcək əlamətlər də mövcud ola bilər. Belə hallarda müəllimi ciddi hüquqi və intizam məsuliyyəti gözləyir. İlk növbədə hüquq-mühafizə orqanları uşağın aldığı fiziki və psixoloji zərərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edirlər. Əgər xəsarət faktı təsdiqlənərsə, məsələ inzibati xəta çərçivəsindən çıxaraq cinayət-hüquqi müstəvidə araşdırıla bilər. Bu halda müəllim barəsində cinayət işi başlanması və onun məhkəmə qarşısına çıxarılması istisna deyil. Məktəbdən uzaqlaşdırılma məsələsinə gəldikdə isə, belə hallarda müəllim barəsində ciddi intizam tədbirlərinin görülməsi mümkündür. Müəllimlərin etik davranış qaydalarının kobud şəkildə pozulması və şagirdlərə qarşı zorakılıq halları əmək münasibətlərinə xitam verilməsi üçün əsas hesab oluna bilər. Təhsil müəssisəsinin rəhbərliyi və aidiyyəti qurumlar araşdırma müddətində müəllimi dərs prosesindən kənarlaşdıra, araşdırmanın nəticələrindən asılı olaraq isə əmək müqaviləsinə xitam verə bilərlər. Bundan əlavə, törədilmiş əməl və məhkəmə qərarından asılı olaraq həmin şəxsin gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olması ilə bağlı da müəyyən hüquqi məhdudiyyətlər tətbiq edilə bilər. Bununla belə, konkret cəza və ya qadağalar yalnız araşdırmanın nəticələri və məhkəmə qərarı əsasında müəyyən olunur".

    Tarix : Bu gün, 09:16 | Oxunub: 104