Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Yaşıl Enerji Dəhlizi layihəsi Mərkəzi Asiya, Azərbaycan və Avropanı vahid enerji məkanında birləşdirəcək.

Ekologiya.az xəbər verir ki, bunu SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlıqları (PPP)” panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji istehsalını sürətlə artırır və bu istiqamətdə bir sıra strateji layihələr həyata keçirir:
“Hazırda ölkədə günəş və külək enerjisi üzrə təxminən 3 giqavat gücündə layihələrin inkişafı nəzərdə tutulur. Bu layihələr hesabına bərpa olunan enerjinin elektrik istehsalındakı payının 2030-cu ildə 38 %-ə çatdırılması hədəflənir”.

Musayev bildirib ki, Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri yaşıl enerji ixracının genişləndirilməsidir:
“Bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə bir neçə mühüm enerji dəhlizi layihəsi irəli sürülüb. Bunlardan biri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan təxminən 1 500 kilometrlik elektrik ötürmə xəttidir”.

O qeyd edib ki, layihə üzrə texniki-iqtisadi əsaslandırma işləri davam edir:
“Enerji nazirlikləri və tərəfdaş qurumlar beynəlxalq maliyyə institutları ilə birlikdə layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayırlar. İlkin nəticələrin yaxın aylarda açıqlanması gözlənilir”.

Baş direktorun sözlərinə görə, ikinci strateji təşəbbüs Mərkəzi Asiya–Azərbaycan–Avropa Yaşıl Enerji Dəhlizidir:
“Bu layihə Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji resurslarını Azərbaycan üzərindən Avropa bazarlarına çıxarmağa imkan verəcək və regional enerji inteqrasiyasını gücləndirəcək”.

Musayev vurğulayıb ki, bu cür layihələrin uğuru üçün vahid tənzimləyici çərçivələrin yaradılması vacibdir:
“Parçalanmış tənzimləyici sistemlər layihələrin maya dəyərini artırır və icra müddətini uzadır. Buna görə ölkələr arasında normativ-hüquqi bazanın uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır”.

O əlavə edib ki, enerji dəhlizlərinin inkişafı yalnız beynəlxalq ötürücü xətlərdən deyil, həm də milli enerji şəbəkələrinin modernləşdirilməsindən asılıdır:
“Bərpa olunan enerjinin daha böyük həcmdə inteqrasiyası üçün ölkədaxili ötürmə və paylayıcı şəbəkələrin yenilənməsi, optimallaşdırılması və texniki imkanlarının artırılması zəruridir”.