Müasir şəhər həyatının ən populyar və rahat nəqliyyat vasitələrindən sayılan skuterlər, son dövrlər Bakı küçələrində, xüsusən də paytaxt sakinlərinin və qonaqların ən çox üz tutduğu Dənizkənarı Milli Parkda əsl baş bəlasına çevrilib. Bir tərəfdə asudə vaxtını səmərəli keçirmək istəyən gənclər, digər tərəfdə isə sakitcə gəzmək, nəfəs almaq istəyən piyadalar... Amma hazırda Bulvarda sakit gəzintidən söhbət belə gedə bilməz. Çünki hər an arxadan və ya qarşıdan sürətlə gələn bir skuterin sizə çırpılma ehtimalı var.

Ekologiya.az əməkdaşı olaraq ərazidən apardığımız müşahidələr göstərir ki, Dənizkənarı Milli Parkda hər an ağır bir qəza baş verə bilər. Necə ki dəfələrlə burada belə bədbəxt hadisələr qeydə alınıb.

Ərazidəki vəziyyəti daha yaxşı anlamaq üçün velosiped və skuter kirayəsi ilə məşğul olan satıcılara yaxınlaşırıq. Öncə qiymətlərlə maraqlanırıq. Məlum olur ki, velosipedlərin qiyməti tutumuna görə dəyişir. Tək adamlıq velosipedlərin yarım saatı 4 AZN, 4 nəfərlik velosipedlər 10 AZN, 6 nəfərlik velosipedlər 25 AZN-dir.

Skuterlərin icarə qiymətləri də zamanla ölçülür: 30 dəqiqəsi 5 AZN, 1 saatı 8 AZN, 2 saatı 15 AZN, 3 saatı isə 20 AZN.

Amma burada problem qiymətdə deyil, məsuliyyətsizlikdədir. Söhbətləşdiyimiz skuter icarəsi ilə məşğul olan şəxs çarəsizliklə əllərini yanına salaraq içini çəkir: "Vallah, nə deyim... Biz bununla heç nə edə bilmirik. Gəlirlər, pulunu ödəyib alıb aparırlar və istədikləri yerdə, insanların içində sürürlər. Burada xüsusi zolaq var, amma baxan kimdir? İnsanlar harada gəldi sürürlər. Heç bizi dinləyən, sözümüzə baxan yoxdur..."

İcarəçinin bu sözləri əslində acınacaqlı reallığı ortaya qoyur. Biznes maraqları ilə vətəndaşların təhlükəsizliyi qarşı-qarşıya qalıb.

Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan çoxsaylı vətəndaş şikayətləri əsasında hələ 1 iyun 2023-cü il tarixindən Milli Park ərazisində skuterlərin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Lakin bu qadağadan sonra skuter həvəskarları və operatorlar tərəfindən İdarəyə yenidən baxılması üçün müraciətlər sel kimi axıb.

Hər iki tərəfin — həm piyadaların, həm də skuter sürənlərin maraqlarını qorumaq üçün yeni bir konsepsiya hazırlandı. Bu qaydalara əsasən, sürət həddi maksimal olaraq 17 km/saat təyin edilib.  Vətəndaşların sıx olduğu dənizkənarı zolaqda skuterlərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Digər zolaqlarda quraşdırılan yol nişanları hərəkəti tənzimləməlidir. İdarə hazırda skuter icarəyə verən operatorlardan proqram təminatlarında bu məhdudiyyətləri tətbiq etməyi xahiş edir, əks təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edir.

Amma reallıqda bu qərarların heç nəyi dəyişmədiyinin şahidi olduq. Bulvarda gəzərkən görürük ki, kağız üzərindəki qaydalar hələ də real həyatda öz əksini tapmayıb.

Məsələ ilə bağlı Musavat.com-a danışan Eldəniz Cəfərova görə, vəziyyətin daha da qəlizləşə biləcəyindən narahatdır. Onun fikrincə, müəyyən edilən 17 km/saat sürət həddi belə piyadaların sıx olduğu yerdə yüksəkdir: "Hazırda bazarda saatda 25, hətta 35 km sürətlə gedən skuterlər var. Bu, piyada üçün ölümcül zərbə deməkdir. Sürət həddi maksimum saatda 15 km olsa, tam kifayətdir. Yalnız sürəti azaltmaqla iş bitmir; cərimə mexanizmi və maarifləndirmə paralel şəkildə aparılmalıdır. Əgər vəziyyət belə acınacaqlı hal almaqda davam edərsə, skuterdən istifadə edənlərin yaş həddini mütləq 14-dən yuxarı qaldırmaq lazımdır".

Ekspertlər qəzaların qarşısını almaq üçün maraqlı və effektiv bir metod da təklif edirlər. Onlayn test sistemi. İstifadəçi skuterin tətbiqini yükləyərkən və ya kirayə götürərkən sadə suallardan ibarət onlayn testdən keçməlidir. Yalnız qaydaları bildiyini, cərimələr barədə məlumatlı olduğunu təsdiqlədikdən sonra skuter aktivləşməlidir. Bütün bunları oxuyan və məsuliyyəti dərk edən şəxs nəqliyyat vasitəsini daha səliqəli idarə edəcək.

Dənizkənarı Milli Park bizim istirahət, dinclik tapmaq istədiyimiz məkandır. Skuterlər isə müasirliyin gətirdiyi rahatlıqdır. Lakin birinin rahatlığı digərinin həyatına və sağlamlığına təhlükə yaratmamalıdır. Əgər bu gün ciddi cərimələr tətbiq olunmasa, operatorlar proqram təminatı ilə sürəti cilovlamasa və ən əsası, skuter sürən gənclərimiz qarşılarındakının bir uşaq, bir yaşlı insan olduğunu düşünüb məsuliyyət hiss etməsə, Bulvardakı "skuter kabusu" hələ çox canlar yandıracaq.

Afaq Mirayiq,
Foto-video müəllifindir,
Musavat.com