Xəzər dənizinin ekoloji vəziyyəti uzun illərdir neftlə çirklənmə problemi ilə gündəmdədir. Sahilboyu ərazilərdə aparılan təmizlik aksiyaları ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin bərpası və dəniz ekosisteminin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib. IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib. İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə aksiya öncəsi onlara neft tullantıları ilə davranış, fərdi mühafizə vasitələrindən düzgün istifadə və fövqəladə hallarda görüləcək tədbirlərlə bağlı ətraflı təlimat verilib. Aksiya nəticəsində toplanan neft tullantıları zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada təhvil verilib. 

Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlama verib.

O bildirib ki, Xəzər dənizinin neft tullantılarından təmizlənməsi istiqamətində həyata keçirilən aksiyalar ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Uzun illər ərzində neft hasilatı və sənaye fəaliyyəti nəticəsində dənizin müxtəlif sahələrində çirklənmə halları müşahidə olunub ki, bu da həm dəniz ekosisteminə, həm də biomüxtəlifliyə mənfi təsir göstərib. Sahilboyu ərazilərdə təşkil olunan təmizlik aksiyaları çirkləndirici maddələrin ətraf mühitə təsirinin azaldılmasına, canlı aləmin yaşayış mühitinin qorunmasına və ekoloji tarazlığın bərpasına xidmət edir. Bu baxımdan, Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi sahilində keçirilən növbəti təmizlik aksiyası yalnız konkret bir ərazinin tullantılardan təmizlənməsi deyil, həm də cəmiyyətə ekoloji məsuliyyət mesajı verən mühüm təşəbbüs kimi qiymətləndirilməlidir. Belə aksiyalar əhalinin ətraf mühitin qorunmasına münasibətinin formalaşmasında, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsində mühüm rol oynayır. İnsanların bu proseslərə könüllü şəkildə qoşulması təbiətin mühafizəsinin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu göstərir. Sahil ərazilərinin təmizlənməsi turizm potensialının artırılmasına, yerli ekosistemlərin bərpasına və sahilyanı zonaların daha təhlükəsiz vəziyyətə gətirilməsinə də müsbət təsir göstərir”.

Deputat qeyd edib ki, Xəzərin ekoloji problemlərinin həlli uzunmüddətli və sistemli yanaşma tələb edir:

“Təmizlik aksiyaları mühüm nəticələr versə də, əsas məqsəd çirklənmənin mənbələrinin minimuma endirilməsi olmalıdır. Bu istiqamətdə neft hasilatı və nəqli zamanı ekoloji təhlükəsizlik standartlarının daha da gücləndirilməsi, müasir monitorinq texnologiyalarının tətbiqi, çirklənmə risklərinin operativ aşkarlanması və qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, sənaye müəssisələrinin ekoloji məsuliyyətinin artırılması və alternativ, ekoloji cəhətdən daha təhlükəsiz texnologiyaların tətbiqi vacib məsələlər sırasındadır. Xəzər dənizi bir neçə ölkənin ortaq ekoloji məkanı olduğundan onun qorunması beynəlxalq əməkdaşlığın gücləndirilməsini də zəruri edir. Sahilyanı dövlətlərin birgə proqramlar həyata keçirməsi, məlumat mübadiləsini genişləndirməsi və ekoloji layihələrdə koordinasiyalı fəaliyyət göstərməsi ümumi nəticələrin daha effektiv olmasına şərait yaradar. Bu baxımdan ekoloji təşəbbüslərin davamlı xarakter daşıması, ictimai dəstəyin artırılması və müasir yanaşmaların tətbiqi Xəzər dənizinin gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz şəkildə qorunmasına mühüm töhfə verəcək”.