BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır 2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində əmək bazarının tələblərinə cavab verən üç yeni ixtisaslaşma – “Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” üzrə qəbul həyata keçiriləcək. “Ekoloji ekspertiza” ixtisaslaşması ətraf mühitin mühafizəsi, təbii ehtiyatların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi sahəsində peşəkar mütəxəssislərin hazırlanmasına yönəlib.  Tələbələr ekoloji ekspertiza və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ), strateji ekoloji qiymətləndirmə (SEQ), ekoloji layihələndirmə, ekologiya hüququ, ekoloji audit, ekoloji monitorinq, ekoloji norma və standartlar, texnogen təsirin qiymətləndirilməsi kimi müasir fənləri mənimsəyəcəklər. Təhsil müddətində ekoloji risklərin təhlili, ekspert rəylərinin hazırlanması, monitorinq sistemlərinin tətbiqi, ekoloji qanunvericiliyin icrası və ekoloji layihələrin idarə olunması istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.  

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlamasında deyib ki, yarandığı dövrdə ekologiya “ev”, yəni insanın yaşadığı mühit anlayışını ifadə edirdi:

“Əvvəlcə insanı əhatə edən mühiti öyrənən elm kimi formalaşsa da, son 200 ildə bəşəriyyətin təbiətə vurduğu təsir dərin olub. Bununla paralel olaraq ekologiya elmi də sürətlə inkişaf edərək çoxşaxəli xarakter almağa başlayıb. Bu elmin əsas məqsədi təbiəti qorumaqdır. Lakin bununla yanaşı, ilk növbədə insanlığı qorumaq və təbii resurslardan istifadənin tənzimlənməsi də mühüm hədəflər sırasındadır. Məhz bu fəaliyyət istiqamətlərinin genişlənməsi ilə yeni sahələr formalaşmağa başladı. Ekologiya mühəndisliyi, neft-kimya ekologiyası, biomüxtəliflik ekologiyası, çirkləndiricilərlə bağlı ekoloji məsələlər, eləcə də ekoloji ekspertiza anlayışı meydana çıxdı. Torpaq və kənd təsərrüfatının intensiv inkişafı fonunda kənd təsərrüfatı ekologiyası kimi istiqamətlər də formalaşdı və bu sahə getdikcə daha da genişləndi. Bu çoxşaxəlilik ekologiya elminin ilk yarandığı məkan olan Qərbi Avropada formalaşdı və zamanla digər regionlara, o cümlədən bizə də gəlib çatdı”. 


Ekoloq bildirib ki, ötən əsrin 1992-1993-cü illərində ekologiya üzrə hazırlanmağa başlayan tələbələr əsasən “Ətraf mühit və təbii sərvətlərdən səmərəli istifadə” ixtisası üzrə təhsil alırdılar:

“Həmin dövrdə prioritet insanın təbii sərvətlərdən səmərəli istifadəsi idi. Lakin təəssüf ki, sonrakı proseslər göstərdi ki, artıq təkcə səmərəli istifadə məsələsi kifayət etmir. Bu gün biz ətraf mühitdə, planetdə, su resurslarında, biomüxtəliflikdə və atmosferdə baş verən, hətta insanlığın gələcəyini təhlükə altına ala biləcək ciddi problemlərin aradan qaldırılması ilə məşğul oluruq. Bu səbəbdən yeni ixtisaslar digər ali təhsil müəssisələrində də yaradılmağa başlayıb. Məsələn, Qərb Universitetində ekologiya mühəndisliyi ixtisası açılıb. Bundan başqa, magistratura səviyyəsində aqrar ekologiya ixtisası yaradılıb, bioekologiya sahəsi formalaşdırılıb. Digər ali təhsil müəssisələrində də ekologiyanın müxtəlif istiqamətləri üzrə yeni ixtisaslaşmalar açılır. Ümumilikdə, bu istiqamətlər ölkənin inkişafına xidmət edə biləcək mühüm sahələrdir. Təbii ki, bunun real nəticə verməsi üçün tələbələrin bu sahələrə məsuliyyətlə yanaşması və ciddi akademik bilik qazanması vacibdir”.

Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, 2026/2027-ci tədris ilindən etibarən Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində magistratura səviyyəsində üç yeni ixtisaslaşma üzrə qəbul aparılacaq:

““Ekoloji ekspertiza”, “Ekoloji menecment” və “Daşınmaz əmlakın kadastrı və reyestri” ixtisaslaşmaları əmək bazarının müasir tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığını hədəfləyir. Yeni proqramlar ekoloji təhlükəsizlik, dayanıqlı inkişaf, rəqəmsal idarəetmə və torpaq-kadastr sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm rol oynayacaq. Bu ixtisaslaşmalar ətraf mühitin mühafizəsi, təbii resurslardan səmərəli istifadə və ekoloji risklərin vaxtında müəyyən edilərək qarşısının alınmasına da mühüm töhfə verəcək. Eyni zamanda, ekoloji sahədə peşəkar kadrların hazırlanması ölkədə yaşıl iqtisadiyyatın inkişafına və ekosistemin qorunmasına müsbət təsir göstərəcək. Bu ixtisaslaşmalar məzunların həm dövlət, həm də özəl sektorda geniş karyera imkanları əldə etməsinə şərait yaradacaq”