Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb. Bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bundan sonra 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Dəyişikliklərə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinin vəzifələri inzibati vəzifələrin təsnifatından çıxarılıb.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi dövlət qulluğunun üçüncü təsnifat vəzifələri siyahısına daxil edilib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-da bu qərarın vacib tərəflərini bir-bir sadaladı: "Naxçıvan Muxtar Respublikası uzun illər ərzində Azərbaycanın digər bölgələrindən fərqli idarəetmə modelinə malik olub. Son illərdə isə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Naxçıvanın ümumdövlət idarəetmə sisteminə inteqrasiyası sürətləndirilib və dərinləşdirilib. Səlahiyyətli nümayəndəliyin 1-ci kateqoriya dövlət orqanı statusu alması onun dövlət hakimiyyəti sistemindəki çəkisinin və institusional nüfuzunun artırılması deməkdir. Bu status həmin qurumun mərkəzi icra hakimiyyəti strukturları ilə daha yüksək səviyyədə koordinasiya imkanlarına malik olduğunu göstərir.

Dəyişiklik bir daha göstərir ki, Naxçıvanda həyata keçirilən idarəetmə mexanizmləri Azərbaycanın vahid dövlət idarəetmə sisteminə uyğunlaşdırılır".

Deputat onu da dedi ki, bu, muxtariyyətin hüquqi statusunun dəyişdirilməsi deyil, idarəçilik standartlarının vahidləşdirilməsi prosesidir: "Səlahiyyətli nümayəndənin və müavinlərinin dövlət qulluğu vəzifələri təsnifatından çıxarılması da onların adi dövlət qulluqçusu deyil, Prezidentin xüsusi siyasi etimadına malik nümayəndələri kimi statuslarının daha aydın müəyyənləşdirilməsi məqsədi daşıyır. Bu praktika Prezident Administrasiyası və digər xüsusi siyasi vəzifələr üçün tətbiq olunan yanaşmaya bənzəyir. 

360d07ae-23b3-4ac6-befb-c35e5593e36c.jpg (67 KB)

Naxçıvanda son illərdə maliyyə nəzarətinin gücləndirilməsi, dövlət vəsaitlərinin istifadəsinə nəzarət, korrupsiyaya qarşı mübarizə və infrastruktur layihələrinin icrası istiqamətində aparılan dəyişikliklər mərkəzi hakimiyyətlə koordinasiyanın artırılmasını tələb edir.

Səlahiyyətli nümayəndəliyin statusunun yüksəldilməsi qərarların icrasına nəzarətin gücləndirilməsinə, mərkəzi dövlət orqanları ilə əlaqələndirmənin sürətləndirilməsinə, dövlət proqramlarının icrasında çevikliyin artırılmasına xidmət edir. Naxçıvan Azərbaycanın strateji əhəmiyyətə malik eksklavıdır. Region həm Türkiyə ilə quru sərhədinə, həm də Zəngəzur dəhlizi perspektivinə görə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan dövlət idarəçiliyinin gücləndirilməsi yalnız daxili inzibati məsələ deyil, həm də milli təhlükəsizlik və regional siyasət baxımından əhəmiyyətlidir. Bununla yanaşı, qanuna edilən dəyişiklik Naxçıvanın statusunun dəyişdirilməsi və ya muxtariyyət hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir. Əksinə, bu addım Prezidentin Naxçıvanda formalaşdırdığı yeni idarəetmə modelinin hüquqi bazasının möhkəmləndirilməsi, səlahiyyətli nümayəndəliyin dövlət hakimiyyəti sistemində yerinin daha dəqiq müəyyənləşdirilməsi və vahid dövlət idarəçiliyinin effektivliyinin artırılması məqsədi daşıyır.

Siyasi baxımdan isə bu qərar Naxçıvanda Prezident hakimiyyətinin institusional təmsilçiliyinin daha da gücləndirildiyini və muxtar respublikanın Azərbaycan dövlətinin vahid idarəetmə mexanizminə inteqrasiyasının yeni mərhələyə keçdiyini göstərir".