Yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən respublikanın şəhər və rayonlarında yerləşən, əhalinin istifadəsində olan çimərliklərdə sanitariya vəziyyəti və dəniz suyunun keyfiyyəti üzrə monitorinqlər aparılır.

Ekologiya.az xəbər verir ki, bu barədə "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, monitorinqlər zamanı çimərliklərin ümumi sanitariya vəziyyəti, sahilyanı zolaqların təmizliyi, tullantıların yığılması və kənarlaşdırılması, eləcə də sanitariya mühafizə zonalarının vəziyyəti qiymətləndirilir.

Bununla yanaşı, müəyyən edilmiş nəzarət nöqtələrindən dəniz suyu nümunələri götürülərək fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə laborator müayinələr aparılır. Nümunələr qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun şəkildə götürülür və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında analiz edilir.

Mütəxəssis bildirib ki, laborator tədqiqatların nəticələri əsasında dəniz suyunun kimyəvi tərkibi, mikrobioloji çirklənmə səviyyəsi və epidemioloji təhlükəsizlik göstəriciləri müəyyən edilir. Əldə olunan nəticələr normativlərlə müqayisə edilir və dəniz suyunun istifadəyə yararlılığı qiymətləndirilir.

Ziyəddin Kazımovun sözlərinə görə, monitorinqlər zamanı normativ göstəricilərdən kənarlaşmalar aşkar edildikdə çirklənmənin səbəbləri araşdırılır və zəruri epidemioloji, eləcə də laborator müayinələr həyata keçirilir.

Musavat.com