Son günlər Bakı və ətraf ərazilərdə qurbağaların sayının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Xüsusilə su hövzələrinə yaxın ərazilərdə, yaşayış massivlərində və yaşıllıq sahələrində bu canlıların daha çox görünməsi sakinlərin diqqətini çəkib. 

Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlama verib.


Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə Bakı və ətraf ərazilərdə, xüsusilə bağ evlərində və Bakıətrafı kəndlərdə qurbağaların kütləvi şəkildə görünməsi geniş müzakirə olunur:

“Bir çox insan bu vəziyyətin səbəblərini, bunun adi hal olub-olmadığını və təbiət üçün hansı nəticələr doğura biləcəyini sual edir. Əslində müşahidə olunan bu artım təsadüfi deyil və bir neçə mühüm ekoloji amillə bağlıdır. Azərbaycanda, xüsusilə Abşeron yarımadasında ən çox rast gəlinən növlərdən biri Bufotes variabilis adlanan yaşıl quru qurbağasıdır. Bu növ quraq və isti iqlim şəraitinə yüksək dərəcədə uyğunlaşmış amfibidir. Yəni həm suda, həm də quruda yaşamaq xüsusiyyətinə malikdir və uzun illərdir Abşeron faunasının ayrılmaz hissəsi hesab olunur. Buna görə də qurbağaların Bakı ərazisində görünməsi yeni hadisə deyil. Lakin son dövrlərdə onların sayında müşahidə olunan kəskin artım xüsusi diqqət çəkir. Bu say artımının əsas səbəblərindən biri iqlim şəraitində baş verən dəyişikliklər və yağıntıların artmasıdır. Qurbağalar quru mühitə uyğunlaşmış olsalar da, onların çoxalması üçün su mühiti mütləqdir. Yumurtalarını əsasən su hövzələrinin kənarında qoyurlar və sürfələri, yəni xalq arasında “çömçəquyruq” kimi tanınan inkişaf mərhələsi suda formalaşır. Son aylarda yağıntıların artması nəticəsində müvəqqəti gölməçələrin, su yığılan sahələrin və kiçik su hövzələrinin çoxalması onların çoxalması üçün son dərəcə əlverişli şərait yaradıb”.


Ekoloq əlavə edib ki, qurbağaların say artımına təsir edən ikinci mühüm faktor qida bazasının genişlənməsidir:

“Yağış və rütubətin artması həşəratların, böcəklərin və xüsusilə ağcaqanadların sayında ciddi artıma səbəb olur. Qurbağalar məhz bu canlılarla qidalandığı üçün qida bolluğu onların populyasiyasının sürətlə artmasına şərait yaradır. Təbiətdə qida zəncirinin bir halqasındakı artım adətən növbəti halqalara da təsirsiz ötüşmür və burada da eyni mənzərə müşahidə olunur. Əslində qurbağalar insanlar üçün təhlükəli deyil. Onlar tamamilə ziyansız canlılardır və ekosistemdə olduqca faydalı rol oynayırlar. Xüsusilə həşəratların sayının tənzimlənməsində təbii bioloji mübarizə vasitəsi kimi böyük əhəmiyyət daşıyırlar. Ağcaqanadlar, zərərverici böcəklər və digər həşəratlarla qidalanmaları bağ və bostan sahibləri üçün ciddi üstünlük yaradır. Bu baxımdan qurbağalar təbiətin özünün yaratdığı təbii qoruyucu mexanizmlərdən biridir”.


A. Mustafayev sonda vurğulayıb ki, qurbağalar qida zəncirində daha yuxarı pillədə dayanan bəzi canlıların, xüsusilə ilanların qidasını təşkil edir:

“Bu səbəbdən qurbağa populyasiyasının artması müəyyən dərəcədə ilanların da həmin ərazilərə cəlb olunmasına şərait yarada bilər. Su ilanları ilə yanaşı, gürzə kimi zəhərli ilanların da qurbağalarla qidalandığı məlumdur. Buna görə qurbağaların çoxluğu bəzi hallarda sürünənlərin sayına da təsir göstərə bilər. Əgər həyət və ya bağ sahəsində qurbağaların çoxalmasının qarşısını almaq istəyirsinizsə, ilk növbədə onların yaşaması üçün əlverişli mühiti aradan qaldırmaq lazımdır. Həyətdə rütubətli sahələrin, su durğunluğunun, xırda gölməçələrin və nəmişlik yaradan daldalanacaqların olmaması onların məskunlaşma ehtimalını xeyli azaldır. Qurbağalar əsasən gecə aktiv olur, gündüz isə rütubətli və sərin yerlərdə gizlənirlər. Belə mühit olmadıqda onların həyatda qalma və çoxalma imkanları da azalır.  Bakıda və ətraf ərazilərdə qurbağaların kütləvi görünməsi ekoloji balansın pozulması deyil, daha çox mövsümi və iqlimlə əlaqəli təbii prosesdir. Bostan və bağ sahibləri üçün isə bu canlılar əksər hallarda faydalıdır. Onlar kimyəvi insektisidlərdən istifadə etmədən ziyanvericilərlə mübarizədə təbii yardımçı rolunu oynayır və ekosistemin sağlamlığının qorunmasına töhfə verirlər”.