Dünyada iqlim dəyişikliklərinin təsirlərinin artdığı bir dövrdə yaşıl enerji mənbələrinə keçid ekoloji təhlükəsizliyin təmin olunmasının əsas istiqamətlərindən biri hesab edilir. Günəş, külək və digər bərpa olunan enerji mənbələrinin istifadəsi həm ətraf mühitə vurulan zərərin azaldılmasına, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Azərbaycan da yaşıl enerji layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyətini genişləndirir.

Məsələ ilə bağlı Millət vəkili Elman Nəsirov Ekologiya.az-a açıqlama verib.

O deyib ki, dünyada iqlim dəyişiklikləri artıq elə dünyanın özü üçün ən ciddi təhdid mənbələrindən birinə çevrilib:

“Qlobal mahiyyət kəsb edən bu proseslə mübarizə də birlikdə, koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir. Bu nöqteyi-nəzərdən Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi etməsi, qeyd olunan istiqamət üzrə konkret təşəbbüslərlə çıxış etməsi və nəticələr əldə etməsi, heç şübhəsiz, olduqca mühüm əhəmiyyət kəsb edir. Bu reallıqlar fonunda ekoloji tarazlığın qorunması böyük aktuallıq daşıyır. Bu isə öz növbəsində bərpa olunan enerjiyə tələbatı artırır və dünyanın gələcək inkişaf xətti məhz bununla bağlıdır. Bu reallıqdan çıxış edərək Azərbaycan dövləti də bərpa olunan enerji mənbələri günəş, külək, hidroenerji və su elektrik stansiyaları istiqamətində çox ciddi fəaliyyət həyata keçirir. Azərbaycanın bərpa olunan enerji üzrə çox böyük potensialı var. Elə Xəzər dənizi üzərində 157 giqavatlıq yaşıl enerji potensialımız mövcuddur. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində 10 giqavatlıq yaşıl enerji potensialı var. Bütövlükdə isə Azərbaycanın quru ərazisində 27 giqavatlıq enerji ehtiyatı mövcuddur”.


Deputat bildirib ki, eyni zamanda ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 2032-ci ilə qədər Azərbaycan 8 giqavatlıq yaşıl enerji istehsal etməyi və onun ixracını nəzərdə tutur:

“Bu reallıq isə nəticə etibarilə 3-4 milyard kubmetr əlavə qaz ehtiyatının formalaşmasına səbəb olur ki, bundan da ixrac əməliyyatlarında istifadə etmək mümkündür. Azərbaycan hazırda təxminən 25 milyard kubmetr qazı dünyanın 16 ölkəsinə ixrac edir. Yaşıl enerjiyə keçid prosesində isə yaxın bir neçə il ərzində əlavə 10-15 milyard kubmetr qaz ehtiyatı formalaşa bilər ki, bu da olduqca vacib və strateji əhəmiyyət daşıyır. Azərbaycanın WUF-a ev sahibliyi etməsi də bir həqiqəti üzə çıxardı ki, bu problemlərin həlli, yəni insanların mənzilə olan ehtiyaclarının təmin edilməsi, eyni zamanda ekoloji tarazlığa da təsir göstərir. Burada çox ciddi əlaqə mövcuddur. Proses elə aparılmalıdır ki, bir tərəfdən insanların mənzilə olan tələbatı ödənilsin, digər tərəfdən isə ekologiya zərər görməsin. Bu proses ağıllı, ölçülü-biçilmiş və konkret standartlara uyğun şəkildə reallaşdırılmalıdır. Bakıda keçirilən bu mühüm tədbirdə də əsas tezislərdən biri məhz bu idi. Beləliklə, bu gün Azərbaycan ənənəvi enerjidən yaşıl enerjiyə keçid siyasətini uğurla həyata keçirir. Lakin bu, heç də ənənəvi enerji mənbələrindən neft və qazdan imtina anlamına gəlmir. Burada çox ciddi bağlantılar mövcuddur. Həm ənənəvi enerji, həm də yaşıl enerji bu günün reallığıdır və Azərbaycan da məhz bu reallıqlara adekvat siyasət həyata keçirir”.

Aysel Muxtar