Tikinti sektoru iqtisadi inkişafın əsas hərəkətverici sahələrindən biri hesab olunsa da, onun ətraf mühitə təsiri uzun illərdir ekoloqların və mütəxəssislərin diqqət mərkəzindədir. Sürətli urbanizasiya, genişmiqyaslı inşaat işləri və təbii resurslardan intensiv istifadə nəticəsində tikinti sahəsinin ekologiyaya vurduğu zərər daha qabarıq şəkildə özünü göstərir.

 Xüsusilə havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması, torpaq örtüyünün deqradasiyası və tikinti tullantılarının artması bu sahənin ətraf mühit üçün yaratdığı əsas risklər sırasında yer alır.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Ekologiya.az-a açıqlamasında bildirib ki, tikinti sektorunun inkişafı həm təbiətə, həm də ekologiyaya təsir göstərən proseslərlə müşayiət olunur:

“Ümumiyyətlə, dünyada baş verən və insanın həyatı, yaşayışı üçün vacib olan bütün proseslərin həyata keçirilməsi ətraf mühitə müəyyən təsirlər yaradır. Burada əsas məsələ həmin təsirləri minimuma endirmək və onların kompensasiyası üçün effektiv tədbirlər görməkdir. Məqsəd təkcə insan üçün komfortlu yaşayış mühiti yaratmaq deyil, eyni zamanda ekoloji tarazlığı qorumaq və təbiətin mövcudluğunu gələcək nəsillər üçün də təmin etməkdir. Tikintidə istifadə olunan materiallar istər polad və digər metal məhsulları, istərsə də sement istehsal mərhələsində böyük həcmdə karbon emissiyası yaradır. Karbon emissiyası isə ətraf mühitdə ekoloji balansın pozulmasına səbəb olur. Məhz buna görə müasir dünyada karbon emissiyasının azaldılması əsas prioritetlərdən birinə çevrilib. Bu istiqamətdə yaşıllıqların artırılması, ağacəkmə proqramlarının təşviqi, karbon sertifikatlarının tətbiqi və müxtəlif ekoloji layihələrin icrası həyata keçirilir”.


İqtisadçının sözlərinə görə, digər ciddi problem təbii ehtiyatların tükənməsidir:

“Tikinti prosesində qum, daş, ağac, su, çınqıl və digər resurslardan intensiv istifadə olunur. Bu isə təbii ehtiyatların azalmasına və nəticədə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Tikinti zamanı havanın çirklənməsi də mühüm problemlərdən biridir. Tikinti sahələrində yaranan toz və digər tullantılar atmosferə yayıldıqda, bu, birbaşa insan sağlamlığına mənfi təsir göstərir. Eyni zamanda, düzgün ekoloji siyasət aparılmadıqda yaşıllıq sahələrinin azalması da müşahidə olunur ki, bu da təbiətə əlavə yük yaradır.Su ehtiyatlarının azalması da bu sahədə diqqət tələb edən əsas problemlərdəndir. Tikinti prosesində sudan geniş istifadə edilməsi, xüsusilə su resurslarının məhdud olduğu şəraitdə ciddi ekoloji risklər yaradır”.


Ekspert əlavə edib ki, bu problemlərin aradan qaldırılması üçün ilk növbədə tikinti tullantılarının çeşidlənməsi və təkrar emala yönləndirilməsi təmin olunmalıdır:

“Karbon emissiyasını azaltmaq məqsədilə yaşıl ərazilərin genişləndirilməsi vacibdir. Tikinti zamanı təhlükəsizlik sistemlərinin maksimum səviyyədə tətbiqi, tozun ətrafa yayılmasının qarşısının alınması və havanın çirklənməsinin minimuma endirilməsi xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, yağış sularının toplanaraq yenidən istifadəsi, suya qənaət mexanizmlərinin tətbiqi və karbon emissiyası daha az olan tikinti materiallarından istifadə də mühüm addımlardır. Ümumilikdə, ekoloji tarazlığın və ekoloji təhlükəsizliyin qorunması üçün bu sahədə ciddi nəzarət mexanizmlərinin qurulması və yaşıllıq sahələrinin artırılması məqsədəuyğun hesab olunur”.

Aysel Muxtar