İqlim dəyişikliyi, meşələrin məhv edilməsi, su hövzələrinin çirklənməsi və biomüxtəlifliyin azalması kimi problemlər son illərdə ətraf mühitin mühafizəsi məsələsini daha da aktuallaşdırıb. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təbiətin qorunması ilə bağlı qanunvericilik bazası mövcuddur və ekoloji hüquqpozmalara görə müxtəlif sanksiyalar tətbiq edilir. Bununla belə, cəmiyyətdə tez-tez “mövcud qanunlar təbiəti qorumaq üçün kifayət qədər sərtdirmi?” sualı müzakirə olunur.

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Ekologiya.az-a bildirib ki, təbiətin qorunması ilə bağlı Azərbaycan qanunvericiliyi kifayət qədər sərt hüquqi mexanizmlər nəzərdə tutur:

“Həm İnzibati Xətalar Məcəlləsi çərçivəsində məsələn, ekoloji mühitin çirkləndirilməsi ilə bağlı 237-ci və tullantılar haqqında qanunvericiliyin pozulmasına dair 266-cı maddələrdə, həm də Cinayət Məcəlləsi daxilində ağacların qanunsuz kəsilməsi ilə bağlı 259-cu və xüsusi qorunan təbiət obyektlərinə zərər vurulmasına dair 261-ci maddələrdə yüksək cərimələr, ciddi sanksiyalar və hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Lakin burada əsas problem hüquqi müddəalarla real praktika arasındakı ziddiyyətdir. 

Məhz bu disbalans qanunların gündəlik həyatda geniş və effektiv tətbiq olunmasına mane olur. Bu ziddiyyətin yaranmasının bir neçə əsas səbəbi var. İlk növbədə, cəmiyyətdə ekoloji şüur və ictimai nəzarət hələ tam formalaşmayıb. İnsanlar çox vaxt törətdikləri ekoloji pozuntuların məsələn, zibil atmağın, yaşıllıqlara zərər vurmağın və ya təbiətə laqeyd yanaşmanın hüquqi nəticələrini ya bilmir, ya da buna ciddi yanaşmırlar”.

Vəkil deyib ki, digər mühüm problem monitorinq və nəzarət mexanizmlərinin yetərincə effektiv olmamasıdır:

“Təkcə sərt qanunların mövcudluğu kifayət etmir. Qayda pozuntusunu operativ şəkildə aşkarlayan, sənədləşdirən və hüquqi proseduru işə salan çevik nəzarət sistemi formalaşmalıdır. Buraya ekoloji nəzarət orqanlarının fəaliyyəti, rəqəmsal müşahidə sistemləri və digər texnoloji alətlər daxildir. Bununla yanaşı, bəzi hallarda inzibati laqeydlik və korrupsiya riskləri də qanunların tətbiqinə mənfi təsir göstərir. Xüsusilə kiçik və orta miqyaslı ekoloji qayda pozuntularına göz yumulması, preventiv tədbirlərin zəif qalması problemin dərinləşməsinə səbəb olur. Əslində, məsələ cəzaların yalnız sərt olmasında deyil. Təbiətin qorunmasında əsas prinsip cəzanın qaçılmazlığıdır. Yəni cəza həddindən artıq ağır olmasa belə, hər bir qayda pozan şəxs qanunun mütləq işləyəcəyini və cəzadan yayınmağın mümkün olmadığını bilməlidir. Məhz bu yanaşma praktikada real dəyişiklik yarada bilər”.

Aysel Muxtar