Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən açıqlanan son statistikaya əsasən, bir həftə ərzində 576 yanğın hadisəsinin qeydə alınması yanğın risklərinin artdığını göstərir.

 Mütəxəssislər yanğınların sayının çoxalmasını havaların kəskin istiləşməsi, quraqlıq, quru ot örtüyünün genişlənməsi, insan amili və təhlükəsizlik qaydalarına əməl olunmaması ilə əlaqələndirirlər. Yanğınlar təkcə insan həyatı və əmlak üçün deyil, həm də atmosferə zərərli qazların yayılması, yaşıllıq sahələrinin məhv olması və biomüxtəlifliyin azalması baxımından ekologiyaya ciddi təsir göstərir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev Ekologiya.az-a açıqlamasında qeyd edib ki, yanğınların baş verməsinin əsas səbəbləri sırasında quraqlıq və antropogen amillər xüsusi yer tutur:


“Bu cür yanğınların ekologiyaya təsiri ciddi və uzunmüddətli hesab olunur. Yanğın zamanı atmosferə tüstü, karbon qazı, dəm qazı, eləcə də xırda zərərli zərrəciklər yayılır. Bu isə hava keyfiyyətinin pisləşməsinə səbəb olmaqla yanaşı, insanların tənəffüs sağlamlığı üçün ciddi risklər yaradır. Bundan əlavə, yaşıllıq sahələrinin, quru ot örtüyünün və meşəliklərin yanması torpağın münbitliyini azaldır, eroziya riskini artırır, heyvanların və quşların yaşayış mühitini məhv edir. Nəticədə biomüxtəliflik zəifləyir və ekosistemin özünü bərpa etməsi uzun illər tələb edir. Bu səbəbdən aidiyyəti dövlət qurumları nəzarət mexanizmlərini daha da gücləndirməli, eyni zamanda geniş maarifləndirmə tədbirləri həyata keçirməlidirlər”.

Aysel  Muxtar