Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon sakinlərinə müraciət edərək plastik su şüşələrini, qapaqları və digər məişət tullantılarını çaylara, arxlara və su kanallarına atmamağa çağırıb.
İdarədən bildirilib ki, sel və intensiv yağıntılar zamanı bu cür tullantılar su axınının qarşısını alır, körpülərin və suötürücü qurğuların tıxanmasına səbəb olur.
Qeyd olunub ki, bunun nəticəsində daşqın riski artır, həm ətraf mühitə, həm də infrastruktur obyektlərinə ciddi ziyan dəyə bilər.
Bildirilib ki, su mənbələrinin təmiz saxlanılması təkcə təbiətin qorunması baxımından deyil, həm də sel fəsadlarının qarşısının alınması üçün mühüm əhəmiyyət daşıyır.
Yardımlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi sakinləri ətraf mühitə həssas yanaşmağa, məişət tullantılarını yalnız bunun üçün nəzərdə tutulmuş yerlərə atmağa və təbiətin qorunmasına birgə töhfə verməyə çağırıb.