• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qax Damazlıq İpəkçilik Stansiyası: Növbəti mövsüm üçün 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq

    08

    okt

    Qax Damazlıq İpəkçilik Stansiyası: Növbəti mövsüm üçün 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq

    Bu il Qax Damazlıq İpəkçilik Stansiyasında 2025-ci ildə kümçülərə paylanılmaq üçün 29 kiloqram və ya 1000 qutu elit və sənaye tut ipəkqurdunun hazırlanması nəzərdə tutulur.


    AZƏRTAC-ın bölgə müxbiri stansiyada olub, gələn il yerli istehsal hesabına kümçülərə paylanılacaq ipəkqurdu toxumunun hazırlanması prosesi ilə maraqlanıb.

    Müəssisənin direktoru Əkrəm Fətəliyev bildirib ki, stansiyada bir neçə ildir tut ipəkqurdu cins və hibridlərinin yüksəkkeyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Əsas məqsəd kümçüləri ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin etmək, xaricdən asılılığı azaltmaqdır. Onun sözlərinə görə, yüksəkkeyfiyyətli tut ipəkqurdu toxumu hazırlamaq məqsədilə stansiyada yaş barama tədarükü dövründə damazlıq barama seçilir və hazırlanmış toxum qışlama dövrü keçirdikdən sonra növbəti mövsümdə kümçülərə paylanılır.

    Stansiyanın direktoru deyib: “2024-cü ildə respublika üzrə 41 rayonun kümçülərinə tut ipəkqurdu toxumu paylanılıb. İpəkqurdunun yemlənməsi dövründə, yəni mayın əvvəlindən 25-dək havanın uzun müddət qeyri-sabit keçməsi, intensiv yağışların yağması, rütubətin çox olması səbəbindən bəzi xəstəliklər yarandı, nəticədə yaş barama istehsalı azaldı. Stansiya tərəfindən tədarük edilən damazlıq barama tam sağlam olmadığı üçün toxum istehsalı da aşağı düşdü. Ona görə də bu il stansiyada 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq”.

    Əkrəm Fətəliyevin sözlərinə görə, stansiyada builki məhsuldan 29 min ədəd xüsusi kağız torbada toxum götürülüb. Bu torbaların hamısı tək-tək açılaraq mikroskopik müayinədən keçirilməlidir. “Mikroskopik müayinə uzun sürən prosesdir və 3 ayadək davam edəcək. Torbaların hər birindən 1 qram toxum götürmək mümkündür. Yəni, bu il stansiyada 29 kiloqram ipəkqurdu toxumu istehsal ediləcək”, - deyə o bildirib.

    Tarix : 8-10-2024, 18:52 | Oxunub: 1 912