"Asiyanın ən təmiz kəndi" kimi tanınan yaşayış məntəqəsində artan turist axınının qarşısını almaq üçün diqqətçəkən qərar qəbul edilib. Kənd rəhbərliyi yerli həyat tərzini və dini ənənələri qorumaq məqsədilə hər bazar günü kəndə girişləri tamamilə bağlayır və turistlərin əraziyə daxil olmasına icazə vermir.
Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, Hindistanın Meqalaya ştatında yerləşən, təxminən 600 nəfərin yaşadığı Molinnonq kəndi son illərdə turizmin sürətlə inkişaf etməsi nəticəsində böyük dəyişikliklər yaşayıb. "Asiyanın ən təmiz kəndi" adı ilə məşhurlaşan yaşayış məntəqəsi xüsusilə həftəsonları minlərlə turistin üz tutduğu populyar məkana çevrilib. Ziyarətçilər dar küçələrdə gəzərək, gül-çiçək arasında şəkillər çəkdirir və kəndin səliqəli görünüşünü yaxından görməyə çalışırlar.
Artan turist marağı kəndin iqtisadiyyatına müsbət təsir göstərsə də, yerli sakinlərin gündəlik həyat ritmini də ciddi şəkildə dəyişdirib.
Molinnonq kəndinin şöhrəti 2003-cü ildə bir jurnal tərəfindən "Asiyanın ən təmiz kəndi" elan edilməsindən sonra bütün ölkəyə yayılıb. Təmizliyin yerli həyatın ayrılmaz hissəsi olması kəndi qısa müddətdə simvolik məkana çevirib.
Daha sonra Hindistan hökumətinin "Təmiz Hindistan" kampaniyasında da kənddən bəhs edilməsi marağı daha da artırıb. Zaman keçdikcə bir çox kənd sakini əkinçilikdən imtina edərək pansiyon, kiçik restoran və suvenir satışı kimi turizm yönümlü fəaliyyətlərlə məşğul olmağa başlayıb.
2026-cı ilin yanvar ayından etibarən kənd rəhbərliyi yeni qayda tətbiq edib. Hər bazar günü kəndə aparan əsas yolun giriş qapıları bağlanır və günübirlik turistlərin kəndə daxil olmasına icazə verilmir. Bu qaydanın icrasına yerli sakinlər növbə ilə nəzarət edirlər.
Səlahiyyətli şəxslərin sözlərinə görə, qərarın məqsədi iqtisadi deyil, kəndin mədəni və dini həyatını qorumaqdır. Kənd əhalisinin böyük hissəsi xristiandır və bazar günlərini kilsə ayinlərinə qatılmağa, ailələri ilə vaxt keçirməyə və istirahətə ayırmaq istəyir.
Kənd komitəsinin nümayəndələri bildirirlər ki, həftədə ən azı bir gün turist sıxlığından uzaq qalmaq icma üçün zərurətə çevrilib. Məqsəd Molinnonqun yalnız turizm məkanı kimi deyil, eyni zamanda yaşayan bir kənd kimi öz kimliyini qoruyub saxlamasıdır.
Yerli sakinlərin bir qismi də bu qərarı dəstəkləyərək bildirir ki, bazar günləri kənd yenidən sakitliyinə qovuşur və "əsl kənd həyatı"nı yaşamaq imkanı yaranır.