Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti güclü külək, dalğalanma, yağıntı və temperatur dəyişiklikləri çimərlik mövsümünə birbaşa təsir göstərir. Xüsusilə yay aylarında dəniz kənarında istirahətə üstünlük verən vətəndaşlar üçün hava şəraitinin dəyişkən olması həm təhlükəsizlik risklərini artırır, həm də çimərliklərə gələnlərin sayına təsir edir. Bu cür hava anomaliyaları turizm və xidmət sektorunda da müəyyən çətinliklər yarada bilər.
Bu barədə turizm sahəsi üzrə ekspert Rahib İsmayılov Ekologiya.az-a açıqlamasında bildirib ki, son günlər, hətta son aylar müşahidə olunan anomal hava şəraiti turizm sektoruna ciddi təsir göstərir:
“Bu təsir xüsusilə paytaxtda daha qabarıq hiss olunur, çünki qeyri-sabit hava şəraiti çimərlik mövsümünə də mənfi təsir edir. Məsələn, elə bu həftənin şənbə və bazar günlərini götürək. Həmin günlər insanların istirahət günləri olsa da, hava şəraiti çimərlik üçün o qədər də əlverişli deyildi. Bu isə vətəndaşlarımız üçün müəyyən risklər yaradır. Küləkli hava dənizdə batma hallarının artmasına səbəb ola bilər və bu, insan tələfatı ilə nəticələnə bilər. Belə hallar, təəssüf ki, hazırda həm turizm sektoru, həm də çimərlik mövsümü üçün ciddi təhlükələr yaradır”.
O qeyd edib ki, xüsusilə yerli sakinlər və istirahət üçün çimərliklərə üz tutan vətəndaşlar əlverişsiz hava şəraitindən əziyyət çəkirlər:
“Qarşıdakı aylarda iyul və avqust aylarında havanın necə keçəcəyini daha aydın görəcəyik. Ümid edirəm ki, hava şəraiti daha sabit olacaq və bu, insanların istirahəti üçün daha münasib şərait yaradacaq. Çünki yay mövsümündə insanların böyük əksəriyyəti çimərliklərə üz tutur. Bölgələri də bu məsələdən kənarda saxlamaq olmaz. Regionlarda müşahidə olunan güclü yağışlar və daşqınlar həmin ərazilərə səfər edən turistlər üçün ciddi maneələr yaradır. Bu amillər isə bölgələrdə turist sayının azalmasına əhəmiyyətli dərəcədə təsir göstərir”.