BMT COP29 çərçivəsində üç paralel istiqamətdə Azərbaycana koordinasiyalı dəstək göstərir.
Bu barədə Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
"Birincisi, Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində noyabrda Bakıda keçiriləcək iqlim konfransının bütün təşkilati aspektləri üzrə dəstək göstərilir. İkincisi, BMT baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartla birlikdə mənim həmsədr olduğum BMT-nin Qlobal Hədəf Qrupunu aktivləşdirmişik. BMT-nin Qlobal Hədəf Qrupu çərçivəsində COP29 Rəyasət Heyətini təşəbbüslərinin həyata keçirilməsində dəstəkləyən 25 agentliyimiz mövcuddur. Bu təşəbbüslərin işlənib hazırlanmasını təmin etmək üçün gələn həftə Bonnda növbəti müzakirələr aparacağıq", - deyə o qeyd edib.
V.Andreyeva qeyd edib ki, üçüncü istiqamət özünün rəhbərlik etdiyi, BMT-nin Azərbaycan üzrə qrupu ilə qarşılıqlı fəaliyyətdir.
"Bizim qarşılıqlı fəaliyyət strategiyamız var. Artıq iqlim məsələləri üzrə 29 iqlim müzakirəsi təşkil etmişik. Həmçinin cəmiyyətin hər bir sektorunun iqlim fəaliyyətinə necə dəstək verə biləcəyini müzakirə edirik. Nəhayət, BMT-nin ölkə komandası olaraq iqlim ambisiyasını dəstəkləmək istərdik. Biz bunu Azərbaycanda daha "yaşıl" və dayanıqlı inkişafa nail olmaq üçün COP29-a stimul vermək kimi görürük", - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)