BMT olaraq son on ayda COP29 prezidentliyinə dəstək göstərmişik ki, onlar ən böyük iqlim konfransına ev sahibliyinə hazır olsunlar.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva oktyabrın 31-də ADA Universitetində İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə “Gələcəyin sədaları: iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
O bildirib ki, BMT hər zaman qlobal həllər üçün ölkələrin bir araya gəldiyi məkan olub. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi yeni milli töhfələri COP29-dan əvvəl təqdim edəcək. “Biz iqlim maliyyəsini artırmalıyıq. COP29 gündəliyində bu, əsas mövzu olacaq. BMT-nin Baş katibi COP29-un uğurla həyata keçirilməsi istiqamətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığı artırmaq üçün özəl sektor, akademik dairələr, gənclər və digər təbəqələr ilə müzakirələr aparır. BMT olaraq bu günədək 29 iqlim toplantısı keçirmişik və sonuncusu mavi zonada keçiriləcək. BMT iqlim gündəliyini dəstəkləyəcək və növbəti mərhələdə də bu mövzular əsas yer tutacaq”, - deyə V.Andreyeva qeyd edib.