Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
AQTA-nın İnformasiya təminatı və innovativ şöbədən Ekoologiya.az-a verilən məlumata görə, görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələrdən danışılıb, maarifləndirici çap materialları paylanıb.
Müşavirədə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilib, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib.
Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də həmin tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab olunub.