“BP-Azərbaycan” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz Kompressiya" (SDC) layihəsi ilə bağlı yekun investisiya qərarının qəbul edilməsinə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
“Şahdəniz” yatağında yeni kompressor platformasının inşası ilə bağlı Azərbaycan Ekologiya Nazirliyi tərəfindən Ətraf Mühitə Təsir Hesabatı təsdiq edilib. Biz hazırda yekun investisiya qərarına hazırlaşırıq. Bundan sonra inşa işlərinə başlanılacaq", - o vurğulayıb.
Qeyd edək ki, "Şahdəniz Kompressiya" layihəsinə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin “Alpha” və “Bravo” platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir.
Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan, platformadan qazma işləri aparılmayacaq. SDC qazın kompressiyası üçün hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək.
Yeni platforması olacaq "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından hasil ediləcək aşağı təzyiqli qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, təzyiq artdıqdan sonra isə “Səngəçal” terminalına daxil olacaq.
“Shah Deniz Compression” platforması “Shah Deniz Alpha” platformasından 10 km, “Shah Deniz Bravo” platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, həmçinin sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026 və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir.
2029-cu ilin yanvar-iyul aylarında SDА, 2030-cu ilin aprel-may aylarında isə SDB platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.