Bu gün Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin əmrlərini daim hazır vəziyyətdə, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və qanunun aliliyinin etibarlı təminatçılarından biri kimi öz məsuliyyətli missiyasını qətiyyətlə yerinə yetirir. 

Hüquq-mühafizə orqanlarının ayrılmaz tərkib hissəsi olan polis əməkdaşları ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, hüquq pozuntularının qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində gecə-gündüz fədakarlıqla xidmət göstərirlər. Azərbaycan polisi təkcə asayişin keşiyində dayanan bir qurum deyil, eyni zamanda cəmiyyətlə dövlət arasında etimad körpüsünün möhkəmlənməsində mühüm rol oynayan institutdur. Müasir çağırışlar fonunda polis orqanları öz fəaliyyətini yeni texnologiyalar, rəqəmsal imkanlar və qabaqcıl idarəetmə prinsipləri əsasında daha da təkmilləşdirir, təhlükəsizlik sahəsində çevik və effektiv mexanizmlər formalaşdırır. Xalqına sədaqətlə xidmət edən Azərbaycan polisi 108 illik şərəfli tarixini və zəngin ənənələrini bu gün də layiqincə yaşadır. Ötən illər ərzində formalaşan peşəkarlıq, vətənpərvərlik və xidmət məsuliyyəti polisi cəmiyyətin ən etibarlı dayaqlarından birinə çevirib. 

Hər bir polis əməkdaşı üzərinə düşən vəzifəni yüksək məsuliyyət hissi ilə icra edərək ölkəmizin sabitliyinə, inkişafına və tərəqqisinə öz layiqli töhfəsini verməyə davam edir. Qlobal çağırışların və dəyişən təhlükəsizlik mühitinin fonunda Azərbaycan polisinin üzərinə düşən məsuliyyət daha da artır. Buna baxmayaraq, polis orqanları peşəkarlıq, çeviklik və fədakarlıq nümayiş etdirərək dövlətimizin maraqlarını, vətəndaşların hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaqda davam edir.

Ekologiya.az-ın məlumatına görə, ətraf mühitin qorunması müasir dövrdə dövlətlərin qarşısında duran ən vacib vəzifələrdən biridir. İqlim dəyişiklikləri, təbii ehtiyatların azalması, meşələrin qırılması, su və hava çirklənməsi kimi problemlər ekoloji təhlükəsizliyin təmin olunmasını strateji məsələyə çevirib. Bu istiqamətdə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Həmin qurumlar arasında polis də mühüm yer tutur.


Azərbaycan polisi bu gün təkcə ictimai asayişin və təhlükəsizliyin qorunması ilə məşğul olmur. Hüquq-mühafizə orqanları ekoloji hüquqpozmaların qarşısının alınması, təbii sərvətlərin mühafizəsi və ətraf mühitin qorunması istiqamətində də ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyət həm qanunvericiliyin tələblərinin icrasına nəzarəti, həm də vətəndaşların ekoloji məsuliyyətinin artırılmasını əhatə edir.

Ekoloji təhlükəsizlik sahəsində polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi maarifləndirmə və profilaktik tədbirlər həyata keçirirlər. Qanunsuz ağac kəsilməsi, meşə sahələrinin məhv edilməsi, təbiətə zərər vuran qanunsuz ov və balıqçılıq halları, tullantıların müəyyən olunmamış urnalardan kənar ərazilərə atılması kimi hüquqpozmalara qarşı operativ tədbirlər görülür. Bu cür fəaliyyətlər ekoloji tarazlığın qorunmasına və təbii sərvətlərin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Polisin ekoloji təhlükəsizliyin təminində iştirakının mühüm istiqamətlərindən biri də ictimai nəzarətin gücləndirilməsidir. Vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi, ekoloji xarakterli hüquqpozmalara dair məlumatların araşdırılması və qanun pozuntularına hüquqi qiymət verilməsi bu sahədə effektivliyin artırılmasına kömək edir. Müasir texnologiyaların tətbiqi isə ekoloji cinayətlərin aşkarlanması və sənədləşdirilməsi imkanlarını genişləndirir.


Həmçinin yol hərəkətinin təşklində ekoloji aspektlərin də nəzərə alınması polisin əsas diqqət mərkəzində olan məsələlərdir. Atmosferə atılan zərərli tullantıların azaldılması məqsədilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət tədbirləri həyata keçirilir, ekoloji normalara cavab verməyən avtomobil sürücüləri ilə profilaktik tədbirlər görülür. Bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər sürücülərin ekoloji məsuliyyətinin artırılmasına xidmət edir.

Ekoloji təhlükəsizliyin təmin olunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Polis bu prosesdə digər dövlət orqanları ilə birgə qanunun aliliyini təmin edirvə hüquqpozmaların qarşısını alır. 

Təbiətin qorunması təhlükəsiz gələcəyin təmin olunması deməkdir. Bu baxımdan, ekoloji təhlükəsizliyin keşiyində dayanmaq polis əməkdaşlarının mühüm missiyaları sırasındadır.

Aysel Muxtar