Azərbaycanda ətraf mühitin qorunması və atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilsə də, zərərli tullantıların azaldılması sahəsində hələ də ciddi problemlər qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atmosferə atılan zərərli maddələrin minimuma endirilməsi məqsədilə sənaye və istehsalat müəssisələrində hava təmizləyici qurğuların quraşdırılması ilə bağlı konkret tələblər müəyyən edilib. Lakin müşahidələr göstərir ki, bəzi sahibkarlıq subyektləri müxtəlif səbəblərlə bu öhdəliklərin icrasından yayınmağa çalışır, nəticədə ekoloji normaların pozulması halları davam edir. 

Müəssisələrdə filtrasiya və hava təmizləmə sistemlərinin quraşdırılmaması atmosferə karbon emissiyaları, toz hissəcikləri və digər zərərli kimyəvi birləşmələrin normadan artıq buraxılmasına səbəb olur. Bu isə təkcə havanın keyfiyyətinin pisləşməsinə deyil, eyni zamanda əhalinin sağlamlığı üçün də ciddi təhlükələr yaradır. Xüsusilə tənəffüs yolları xəstəlikləri, allergik reaksiyalar və ürək-damar problemlərinin artması ekoloji çirklənmənin birbaşa nəticələri kimi qiymətləndirilir. Bu baxımdan, nəzarət mexanizmlərinin sərtləşdirilməsi, cərimələrin effektiv tətbiqi və sahibkarlar arasında ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması aktuallığını qoruyan əsas məsələlərdən biri olaraq qalır.

Bu barədə Ekologiya.az-a açıqlama verən "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycan dünyanın kiçik ölkələrindən biridir və bizim atmosferə atdığımız zərərli tullantılar hesablananda bəlkə də sıfır tam yüzdə neçə faizlə ölçülə bilər:

“Bu qurğular restoranlarda, kafelərdə, otellərdə, fabriklərdə hər hansı güzəştli şərtlərlə quraşdırılmalıdır. Çünki əgər söhbət ölkə ərazisinin, atmosferin, dünyanın çirklənməsindən gedirsə və bunun qarşısını almağa kömək edəcəksə, belə addımlar təşviq olunmalıdır. Hər hansı bir dəstəklə bu proses nizamlanmalıdır. Vaxtlı-vaxtında bunların filtrləri təmizlənməlidir. Müəssisə rentabellidir, ya yox, zərərlə işləyir, yoxsa mənfəətlə fəaliyyət göstərir bütün hallarda məsuliyyət və cərimə yükü yenə onun üzərinə düşür. Ona görə də bu məsələyə yalnız inzibati nəzarət və cərimə prizmasından yanaşmaq doğru olmaz. Ekologiyanın və ətraf mühitin qorunması ilk növbədə cərimə və qadağalarla deyil, cəmiyyətdə formalaşdırılan mədəniyyətlə bağlıdır. Burada əsas məsələ insanların düşüncə tərzinin dəyişməsi, ekoloji məsuliyyət hissinin gücləndirilməsi və bu sahədə davamlı maarifləndirmə işinin aparılmasıdır”. 

Ekoloq deyib ki, xüsusilə məktəblərdə ibtidai təhsildən başlayaraq uşaqlara təbiətə münasibət, ətraf mühitin qorunması və ekoloji davranış qaydaları aşılanmalıdır:

“İnsanlar bu mövzuda kifayət qədər məlumatlı olmalı, təbiətin, canlı aləmin və yaşıllıqların qorunmasının vacibliyini dərindən anlamalıdırlar. Çünki təbiətə vurulan zərər təkcə bu günü deyil, gələcək nəsillərin həyat keyfiyyətini də birbaşa təsir altına salır. Məhz bu səbəbdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi bu cür tədbirlərin qlobal istiləşmənin və ya digər böyük ekoloji problemlərin qarşısını təkbaşına ala biləcəyinə bir qədər skeptik yanaşıram. Real nəticə üçün yalnız kampaniyalar deyil, sistemli təhsil, uzunmüddətli strategiya və cəmiyyətin bütün təbəqələrinin iştirakı vacibdir”.

Hüquqşünas Rəhim Xoyskinin sözlərinə görə, bu, formal bir bürokratik tələb deyil, insanların gündəlik nəfəs aldığı havadan söhbət gedir:

“Ona görə qanunverici bunu kifayət qədər ciddi qarşılayır. İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsi məhz bu məsələyə həsr olunub. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, sadə dillə desək, üç əsas hal cəriməylə nəticələnir: icazəsiz tullantı atılması, quraşdırılmış filtrlərin düzgün istismar edilməməsi və qanunvericiliyə cavab verməyən qurğuların işə salınması. Buna görə, fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir”.

Hüquqşünas əlavə edib ki, bu hallara görə obyektin fəaliyyəti dayandırıla bilər:

“Sahibkarlarım bəziləri sadəcə cərimə ödəyib “işini davam etdirə” biləcəyini düşünür. Lakin “Ətraf mühitin mühafizəsi haqqında” Qanun Nazirliyə birbaşa səlahiyyət verir ki, ekoloji tələblər pozulduqda müəssisənin fəaliyyəti məhdudlaşdırıla və ya tamamilə dayandırıla bilsin. Yəni cərimə ilk addımdır, sonuncu deyil. Zərər həqiqətən ciddi miqyaslıdırsa, məsələn, əhalinin sağlamlığına real təsir göstərirsə, material hüquq-mühafizə orqanlarına göndərilə bilər ki, bu da artıq cinayət məsuliyyəti müstəvisinə keçir”.

Aysel Muxtar