Azərbaycanda tullantıların idarə olunması sahəsində həyata keçirilən islahatlar məişət tullantılarının çeşidlənməsi məsələsini yenidən gündəmə gətirib. Bir sıra ölkələrdə artıq tətbiq olunan məcburi çeşidləmə sistemi və bu sahədə sərt hüquqi tələblər Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi ilə bağlı müzakirələri artırıb.
Mütəxəssislər tullantıların çeşidlənməsinin genişləndirilməsi, təkrar emalın inkişafı və ekoloji təhlükəsizliyin təmin edilməsi üçün gələcəkdə qanunvericiliyin sərtləşdirilməsi ehtimalını və bu istiqamətdə mümkün dəyişiklikləri dəyərləndiriblər.
Milli Məclisin deputatı Müşfiq Cəfərov Ekologiya.az-a açıqlamasında deyib ki, kəskinləşən tullantı böhranından bu və ya digər formada bütün ölkələr əziyyət çəkir:
“Məişət tullantılarının çeşidlənməsi dünyada, xüsusilə də Azərbaycanda mühüm sosial-iqtisadi və ekoloji problemlərdən biridir. Ümumiyyətlə, tullantılar dedikdə məhsulların istehsalı və istehlakı prosesində yaranmış zibillər, qalıqlar, eləcə də istifadəyə yararsız maddələr başa düşülür. Məişət tullantılarına məhz məişətdə yaranan təhlükəli/ təhlükəsiz tullantılar aiddir.
Tullantılar əgər düzgün çeşidlənərsə paradoksal əhəmiyyətə malikdir. Belə ki, bir tərəfdən tullantılar ətraf mühitə və sağlamlığa zərərdirsə, digər tərəfdən enerji mənbəyi və yeni xammal olaraq çox sərfəlidir”.
O bildirib ki, zibillərin ətrafa zərər verməməsi üçün düzgün çeşidlənməsi və emalı lazımdır:
“Məişət tullantılarının təkrar emala yararlı ola bilməsi üçün zibillərin çeşidlənməsi şərtdir. Ümumillikdə tullantıların mənbədə (evlərdə və iş yerlərində) çeşidlənməsi qlobal ekoloji siyasət tendensiyalarına uyğun olaraq gələcəkdə hər kəs üçün qaçılmaz olacaq. Bu, bir çox inkişaf etmiş ölkədə artıq qanuni məcburiyyətdir, Azərbaycanda isə mütəmadi olaraq pilot layihələr və normativ aktlarla bu sistemin tətbiqi istiqamətində addımlar atılır”.
Aysel Muxtar