Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) sayəsində illik 15 milyondan çox kağız dövriyyədən çıxarılıb.

Ekologiya.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, EKTİS vasitəsilə 2020-ci ildən etibarən dövlət dəstəkləri elektron formada göstərilir: "Hər il 400 minə yaxın insanın kağız daşıyıcılarda dövlətə təqdim elədiyi, bunun nəticəsində dövlət dəstəyi əldə elədiyi bir mübadilə artıq elektron formada və bu 15 milyon kağızın heç bir şəkildə olmadığı hala gətirilib. Hazırda EKTİS sadəcə subsidiya portalı deyil, genişmiqyaslı rəqəmsal ekosistemdir. Həmişə kənd təsərrüfatında EKTİS ən birinci subsidiya, dövlət dəstəyinin verilməsi istiqamətində sistem kimi başa düşülür. Amma onu qeyd eləmək istəyirəm ki, bu gün artıq sistem torpaq istifadəsi, heyvandarlıq, laboratoriyalar, fitosanitar nəzarəti, toxumçuluq, aqroservis, aqrar ticarət, dövlət sifarişləri və digər istiqamətlər də vahid rəqəmsal ekosistemdə birləşən bir milli aqrar platformaya çevrilib".