Qanunsuz faydalı qazıntı hasilatı və istehsal müəssisələrinin atmosferə zərərli tullantılar buraxması ətraf mühit üçün ciddi təhlükələr yaradan əsas ekoloji problemlərdən hesab olunur.
Belə hallarda təbii sərvətlərə vurulan zərərlə yanaşı, havanın çirklənməsi, insan sağlamlığına mənfi təsirlər və ekoloji qanunvericiliyin pozulması kimi məsələlər də gündəmə gəlir.
Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlamasında deyib ki, burada ətraf mühitlə bağlı əsas iki qanun pozuntusu var:
“Birincisi, yerin təkindən qanunsuz istifadədir. Bunun üçün müəssisə əvvəlcə müvafiq qurumlara müraciət etməli, İcra Hakimiyyətindən sərəncam almalı və aidiyyəti dövlət orqanlarının razılığı əsasında həmin ərazidəki təbii ehtiyatların həcmi, sərhədləri və miqdarı qiymətləndirilməlidir. Daha sonra geoloji xidmət bu prosesə cəlb olunur və həmin mineral resursun istismarı üçün qanunvericilikdə nəzərdə tutulan icazə mexanizmi – hərrac və digər prosedurlar həyata keçirilir. Təbii ki, əldə olunan resursa görə də müəyyən olunmuş qaydada ödəniş edilməlidir. Bu cərimə deyil, dövlətə ödənilən müvafiq haqqdır. Lakin görünən odur ki, onlar daha qısa yolla gediblər. Heç bir rəsmi icazə almadan, kiminsə şifahi razılığı ilə və ya qeyri-rəsmi yollarla həmin fəaliyyəti həyata keçiriblər. Bu, ətraf mühitlə bağlı ilk qanun pozuntusudur. Belə hallarda götürülmüş xammalın həcmi yerində monitorinq yolu ilə təxmini müəyyən edilir. Daha sonra qanunsuz hasilat nəticəsində dəymiş ziyanın məbləği hesablanır. Əgər ziyanın məbləği müəyyən həddə qədərdirsə, inzibati məsuliyyət və cərimə tətbiq olunur. Dəymiş ziyan əhəmiyyətli, xeyli və ya külli miqdarda olduqda isə materiallar hüquq-mühafizə orqanlarına göndərilir və cinayət tərkibi yarandığı üçün cinayət işi başlanması məsələsinə baxılır”.
Ekoloqun sözlərinə görə, ikinci qanun pozuntusu isə həmin mineral resursdan istifadə etməklə sənaye üsulu ilə asfalt istehsalı aparılması ilə bağlıdır:
“Bu fəaliyyət üçün müəssisənin müvafiq ekoloji sənədləri olmalıdır. Bunlara ekoloji pasport, ekoloji rəy, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və istehsal sahəsinin xüsusiyyətindən asılı olaraq digər icazələr daxildir. Əgər müəssisə asfalt istehsalı ilə məşğuldursa, bu zaman atmosferə və ümumilikdə ətraf mühitə müəyyən təsirlər yaranır. Buna görə də müvafiq ekoloji sənədlərin alınması məcburidir. Bu sənədlər olmadan fəaliyyət göstərildiyi halda müəssisənin və onun vəzifəli şəxslərinin məsuliyyəti yaranır. Ekoloji nəzarət orqanları qanunvericiliyə uyğun tədbirlər görür. Hüquqi şəxslərlə bağlı isə aidiyyəti ekoloji qurum məhkəməyə müraciət edir və məhkəmə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edə bilər. Digər ətraf mühit pozuntusu isə müəssisənin fəaliyyəti nəticəsində yaranan tullantılarla bağlıdır. Bunlar atmosferə atılan tullantılar və digər istehsalat tullantıları ola bilər. Burada məişət tullantılarından söhbət getmir. Hərçənd məişət tullantılarının da qanunvericiliyə uyğun kənarlaşdırılması qaydaları mövcuddur. Konkret bu halda görünən odur ki, müəssisə atmosferə tullantılar buraxır. Əgər lazımi icazələri alsaydı, atmosferə atılan tullantılar üzrə yol verilən qatılıq həddi (YVQH) hesablanacaq və buna uyğun ödənişlər həyata keçiriləcəkdi.
Lakin müəssisənin müvafiq ekoloji sənədləri olmadığı və qanunsuz fəaliyyət göstərdiyi halda atmosferə tullantı buraxması həm hüquqi məsuliyyət yaradır, həm də aparılan ölçmələr nəticəsində yol verilən qatılıq həddinin nə qədər aşılması müəyyən edilir. Bunun əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada hesablamalar aparılır və dəymiş ekoloji ziyanın Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilməsi üçün müvafiq hüquqi prosedur başlanılır”.
Aysel Elnur