Xəstəxanalar, poliklinikalar, laboratoriyalar və digər tibb müəssisələrində hər gün müxtəlif növ tibbi tullantılar yaranır. İstifadə olunmuş şprislər, iynələr, qan və bioloji materiallarla təmasda olmuş vasitələr, dərman qalıqları və digər təhlükəli tullantılar xüsusi qaydalara uyğun şəkildə toplanmalı, daşınmalı və zərərsizləşdirilməlidir.
Bu tullantıların məişət zibilləri ilə qarışdırılması və ya düzgün utilizasiya edilməməsi infeksiyaların yayılması, torpaq və su ehtiyatlarının çirklənməsi, eləcə də insanların və heyvanların sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Tibbi tullantıların təhlükəsiz idarə olunması ictimai sağlamlığın və ətraf mühitin qorunmasının vacib şərtlərindən biridir.

Mövzu ilə bağlı professor Adil Qeybulla Ekologiya.az-a deyib ki, tibbi tullantıların utilizasiyası ilə bağlı xüsusi təlimat mövcuddur:
“Bu tullantılar əsasən üç qrupa bölünür: xüsusi təhlükəli, təhlükəli və təhlükəsiz tullantılar. Xüsusi təhlükəli tullantılar dedikdə insan qanı və digər bioloji mayelərlə təmasda olmuş müxtəlif tibbi vasitələr nəzərdə tutulur. Bunlara şprislər, iynə ucluqları, qanlı tamponlar, tənziflər və digər sarğı materialları daxildir. Bu cür materiallar insan bioloji mayelərinə bulaşdığı üçün müxtəlif virus və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. İkinci qrupa aid tullantılar nisbətən daha az təhlükəli hesab olunur. Buraya da insan orqanizmindən istifadə olunmuş sarğı materialları və bioloji mayelərlə birbaşa təmasda olmasa da, müəyyən risk daşıyan tibbi tullantılar daxildir. Üçüncü qrupa isə ümumilikdə istifadə müddəti başa çatmış tibbi ləvazimatlar, qalıqlar və digər təhlükəsiz tullantılar aid edilir”.
Həkim bildirib ki, bütün bu tullantıların utilizasiyası müəyyən qaydalar əsasında həyata keçirilir:
“Onlar əvvəlcə xüsusi qablarda toplanır, daha sonra paketlənir və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə utilizasiya məntəqələrinə daşınır. Burada tullantılar çeşidlənir. Bir hissəsi yandırılır, digər hissəsi isə termik emaldan keçirilərək tam təhlükəsiz vəziyyətə gətirilir. Bundan sonra onların ətraf mühit və insanlar üçün təhlükəsi aradan qalxmış olur. Bu təlimatın tələblərinə bütün xəstəxanalar ciddi şəkildə əməl etməlidir. İnsan orqanizmindən çıxarılan əzalar, məsələn, amputasiya olunmuş qol və ya ayaq, çıxarılmış daxili orqanlar və digər bioloji materiallar heç bir halda məişət tullantıları ilə birlikdə atıla bilməz. Çünki belə hallarda heyvanlar həmin qalıqlara çata bilər və bu, gələcəkdə onların insan orqanlarına maraq göstərməsi kimi arzuolunmaz nəticələrə səbəb ola bilər.Ona görə də insan orqanizmindən çıxarılan orqanlar və digər bioloji materiallar xəstəxanalarda müəyyən olunmuş qaydalara uyğun şəkildə utilizasiya edilir. Əgər amputasiya olunmuş ətrafların basdırılması zərurəti yaranarsa, onlar torpağa basdırılır. Yəni bu qaydalara ciddi şəkildə əməl olunmalıdır".
Aysel Elnur